Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin I turu sabah başlayır

Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin I turu sabah başlayır
Bu gün start götürən Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin I turu sabah başlayır. SİA-nın məlumatına görə, iki turdan ibarət olan müsabiqənin birinci turunda iştirakçılar ifa edəcəkləri əsərlərin obraz və emosiya cəhətdən məzmununu, əsərə qarşı şəxsi münasibətlərini və nöqteyi-nəzərlərini, ifa interpretasiyası məsələlərini əks etdirən məruzə ilə çıxış edəcək, ikinci turda isə həmin musiqi əsərlərini ifa edəcək.

İştirakçıların çıxışlarını Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (sədr), prorektor Oqtay Abbasquliyev, BMA məktəb-studiyasının direktoru Tərlan Seyidov (sədr müavini və layihənin müəllifi), Kazan Konservatoriyasının rektoru Rubin Abdullin, Moskva Konservatoriyasının prorektoru Aleksandr Bonduryanskiy, San-Xose Universitetinin professoru Namiq Sultanov, Eskişehir Konservatoriyasının professoru Zöhrab Adıgözəlzadə, İstanbul Universitetinin Mədəniyyət və İncəsənət Mərkəzinin fortepiano şöbəsinin müdiri Züleyxa Bağırova, həmçinin BMA-nın fortepiano fakültəsinin dekanı Nərminə Quliyeva, məktəb-studiyanın fortepiano şöbəsinin müdiri Aişə Əliyeva və Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktor müavini Sevda Məmmədova (məsul katib) qiymətləndirəcək.

Məlumat üçün bildirək ki, müsabiqənin laureat və diplomantları pul mükafatları və Bəstəkarlar İttifaqının, Azərbaycan musiqi xadimləri İttifaqı və digər təşkilatların xüsusi mükafatlarına layiq görüləcək. Elmi-ifaçılıq konfransının bütün iştirakçılarına sertifikatlar veriləcək.

Qeyd edək ki, dekabrın 10-da qaliblərin mükafatlandırma mərasimi və son konsert proqramı baş tutacaq. Forum bitdikdən sonra keçiriləcək dəyirmi masada Q.Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransının nəticələri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə