Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinə start verilib- FOTO

Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinə start verilib- FOTO
Bu gün Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların "Fortepiano Qara Qarayev yaradıcılığında" I Beynəlxalq elmi-ifaçılıq konfransına start verilib. SİA-nın məlumatına görə, tədbirlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub.

Müsabiqəni ilk olaraq açıq elan edən BMA-nin rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxışında bildirib ki, Qara Qarayev BMA üçün böyük sərvətdir. Biz fəxr edirik ki, o, bizim musiqi akademiyasında kafedra müdiri işləyib. Müsabiqə və konfransın 2010-cu ili Mədəniyyətlərin beynəlxalq yaxınlaşması ili elan edən YUNESKO-nun himayəsi altında keçirilməsi ilə əlaqədar olaraq, müsabiqənin şərtlərindən biri iştirakçılar tərəfindən Qara Qarayevin əsərləri ilə yanaşı öz ölkələrinin əsərlərini də ifa etmələridir. Bu müsabiqədə 50-ə yaxın tələbə iştirak edir.

Müsabiqənin açılış mərasimində iştirak edən xalq yazıçısı Anar Üzeyir Hacıbəyli haqqında ensiklopediyanı rus dilində akademiyaya hədiyyə edərək bildirib ki, bu kitab ilk rus dilində bəstəkar haqqındadır.

Forumun təntənəli açılış mərasimində həmçinin BMA-nın dosenti Mədinə Tuayevanın ssenarisi əsasında çəkilən "Söz və Musiqi" filmi də nümayiş etdirilib. Film BMA-da işlənib-hazırlanan elmi-ifaçılıq müsabiqəsi və konfransların tarixini əks etdirib.

Bu irimiqyaslı layihənin müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov çıxışında vurğulayıb ki, iştirakçılar arasında beynəlxalq müsabiqələrin qaliblərinin və milli mükafatların sahiblərinin olması keçiriləcək müsabiqənin yüksək səviyyəli olmasından xəbər verir: "Müsabiqənin müsbət cəhəti isə ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan və Türkmənistandan olan pianoçular sayəsində Qara Qarayevin fortepiano musiqisinin interpretatorları və tədqiqatçılarının sayının artması olacaq".

Məlumat üçün bildirək ki, müsabiqə və konfrans Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Böyük zalında və konfrans zalında keçiriləcək. Birinci qrup iştirakçılar üçün 10-16 yaş həddi, ikinci qrup üçün 17-30 yaş həddi müəyyən olunub. Konfrans iştirakçıları üçün isə yaş həddi müəyyən edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə