“Deyilən söz yadigardır” mövzusunda V Ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub

“Deyilən söz yadigardır” mövzusunda V Ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan "Deyilən söz yadigardır" mövzusunda V Ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub. SİA-nın məlumatına görə, 2 gün davam edən müsabiqə 3 seçim turundan və final mərhələsindən ibarət olub.

Müsabiqədə səlis danışıq qabiliyyəti olan, natiqlik məharəti və səhnə davranışı ilə fərqlənən, gözəl nitqlə mənsur şeirlər, bayatılar, qəzəllər, laylalar, aşıq seirləri, hekayələr, romanlardan parçalar söyləyən 18-30 yaşlı gənclər iştirak ediblər.

Müsabiqədə 40 şəhər və rayondan 90-a yaxın gənc iştirak edib. Onların istedadını Mədəniyyət və Turizm Nazirliyinin, dövlət teatrlarının mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirib. Seçim turlarından sonra finala 8 nəfər çıxıb.

Fizuli rayon sakini, Azərbaycan Dövlət İncəsənət Universitetinin III kurs tələbəsi Ərzanalıyeva Pərvin Ərzanalı qızı birinci, Sumqayıt şəhər sakini, Azərbaycan Dövlət İqtisad Universitetinin III kurs tələbəsi Qurbanova Könül Əliyar qızı ikinci, Bakı şəhər sakini, Rus Dövlət Dram Teatrının aktrisası Ağayeva Həcər Maqsud qızı üçüncü yeri tutublar.

Mükafatlar Mədəniyyət və Turizm Nazirliyində təqdim olunacaq.

Qeyd edək ki, I yerə çıxana 500 manat, II yeri tutana 300 manat, III yerin sahibinə isə 250 manat və onların hər birinə diplom veriləcək. Əlavə olaraq növbəti üç yerin sahibinin hər birinə isə həvəsləndirici mükafat kimi 100 manat təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə