Azər Rzayevin 80 illik yubileyi ilə əlaqədar görüş keçirilib

Azər Rzayevin 80 illik yubileyi ilə əlaqədar görüş keçirilib
Bu gün Niyazinin Mənzil Muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunun növbəti tədbiri keçirilib. SİA-nın məlumatına görə, görüş görkəmli bəstəkar, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Rzayevin 80 illik yubileyi ilə əlaqədar təşkil olunub.

Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkar Azər Rzayevin yaradıcılığı haqqında ətraflı danışıb. A. Bayaramova bəstəkarın Azərbaycan musiqisinin inkişafı üçün gördüyü işlər yüksək qiymətləndirib. " A. Rzayevin məzmunlu, mənalı dolğun əsərlərindən biri olan "ataya ithaf" olunan poema Azərbaycanda 60-70-ci illərdə yazılan yaddaqalan əsərlərdən biridir. Burada o, əziz, təmiz bir adam simasını, kədəri ifadə edən ağır itginin ürək ağrısını musiqi dili ilə verməyə çalışıb", - deyə muzeyin direktoru əlavə edib.

Daha sonra musiqişünas, sənətşünaslıq namizədi Səfərova Səadət də həmçinin bəstəkarın əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, konsert janrı bəstəkarlıq fəaliyyətinin ilk günlərindən başlayaraq A. Rzayevin əsərləri arasında nəzərləri cəlb edərək, mühüm əhəmiyyət kəsb edib: "Bəstəkar bir neçə 10 illər konsert janrına dəfələrlə müraciət edərək, təkcə skripka üçün deyil, eyni zamanda başqa musiqi alətləri üçün də konsertlər bəstələyib".

Görüşdə bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd şou da nümayiş etdirilib və əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Məlumat üçün bildirək ki, tədbirdə Klassik Musiqisevərlər Klubunun üzvləri, Bakı şəhərinin muzeylərinin əməkdaşları, Bakı Musiqi Kollecinin müəllim və tələbələri və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə