Gənc Azərbaycan musiqiçiləri Rusiyanın birinci xanımının Minnətdarlıq diplomuna layiq görülüblər

Gənc Azərbaycan musiqiçiləri Rusiyanın birinci xanımının Minnətdarlıq diplomuna layiq görülüblər

Böyük Kreml Sarayında gənc klassik musiqi ifaçılarının "Parlamağa başlayan ulduzlar Kremldə" II Beynəlxalq festivalının qala-konserti olub. SİA-nın xəbərinə görə, festivalda ölkəmizi Nicat Məmmədov (fleyta) və Emil Bağırov (klarnet) layiqincə təmsil ediblər.

Layihə Rusiya Federasiyası Prezidentinin xanımı, Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti Svetlana Medvedevanın təşəbbüsü və iştirakı ilə həyata keçirilib. Festivalın digər təşkilatçıları Vladimir Spivakov adına Beynəlxalq Xeyriyyə Fondu və MDB ölkələrinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu olub.

Kremlin Aleksandr salonunda yekun konserti festivalın əsas hadisəsi olub. Konsertdə Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Latviya və s. ölkələrin ən istedadlı gənc musiqiçiləri iştirak ediblər. Onlara dünya şöhrətli kollektiv – maestro Vladimir Spivakovun idarə etdiyi "Moskva virtuozları" kamera orkestri ilə bir səhnəni paylaşmaq səadəti nəsib olub.

Konsertdən sonra musiqiçilərə Rusiyanın birinci xanımı Svetlana Medvedevanın Minnətdarlıq diplomları, müxtəlif mükafatlar və digər hədiyyələr təqdim olunub.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə