“Don Kixot” tamaşası- Balet sənətinin bayramına çevrilib- FOTO

“Don Kixot” tamaşası- Balet sənətinin bayramına çevrilib- FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot" baletinin tamaşası keçirilib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri – Balet artistlərinin Moskva beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi Çinarə Əlizadə və Böyük Teatrın premyeri, balet artistlərinin "Vaganova-prix" beynəlxalq müsabiqəsinin qızıl medal, Sankt-Peterburqun "Qızıl sofit" Ali teatr mükafatının sahibi Mixail Lobuxin iştirak ediblər.

Tamaşa baletsevərlərin böyük marağına səbəb olub və anşlaqla baş tutub. Rəqqasların çıxışları tamaşaçılar tərəfindən bütün tamaşa boyu gurultulu alqışlarla, "bravo!" sədaları ilə müşayiət olunub.

Tamaşadan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, xalq artisti Tamilla Şirəliyeva bildirib: "Bu günkü tamaşa çox yüksək professional səviyyədə baş tutdu. Həmyerlimiz Çinarə Əlizadə balet artisti kimi qeyri-adi göstəricələrə malikdir – nadir plastika, temperament, artistizm və əlbəttə ki, professional məktəb. Biz hamımız onu teatrımızın səhnəsində görməyə çox şadıq, hesab edirik ki, bir balet artisti kimi gələcəkdə o yenə inkişaf edəcək və ustalığını daha da təkmilləşdirəcək. Teatrımızın rəhbərliyinin Ç.Əlizadə ilə yaradıcılıq əlaqələri qurması və onu Teatrımızda çıxış etmək üçün dəvət etməsi çox önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə