Ümumrespublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümumrespublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
Kürdəmirdə muğam, mahnı ifaçılığı, aşıq musiqisi, instrumental ifaçılıq üzrə, Oğuzda isə bədii qiraət, təsviri və dekorativ sənət üzrə "İstedadlı uşaqlar" proqramı çərçivəsində ümumrespublika müsabiqəsi qaliblərinin təltifolunma mərasimi keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Kürdəmir rayon mədəniyyət evində muğam, mahnı ifaçılığı, aşıq musiqisi, instrumental ifaçılıq üzrə respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirilib. Tədbirdə 44 şəhər və rayondan gənc istedadlı uşaqlar iştirak edib.

Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini Ə.Mikayılov çıxışında tədbirin Kürdəmir şəhərində keçirildiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə rayon rəhbərliyinin minnətdarlığını bildirib, bunun rayonun mədəni həyatında mühüm hadisə olduğunu vurğulayıb. Sonra qaliblərə Nazirliyin diplom və hədiyyələri təqdim edilib. Təltifolunma mərasimindən sonra iştirakçıların çıxışlarından ibarət konsert keçirilib.

Oğuz rayon mədəniyyət evində də keçirilən tədbirdə respublikanın 19 şəhər və rayonlarından gənc istedadlı uşaqlar iştirak ediblər. Tədbirdə istedadlı gənclərə Nazirliyin diplom və hədiyyələri təqdim edilib.

Təqdimolunma mərasimindən sonra bədii qiraət üzrə müsabiqə qalibləri çıxış ediblər. Rayon mədəniyyət evin foyesində təşkil edilən təsviri və dekorativ sənət üzrə müsabiqə qaliblərinin rəsm əsərlərindən ibarət sərgisi tədbir iştirakçılarının marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə