“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir

“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və həmin muzeyin təşkilati dəstəyi ilə ilə baş tutan seminar “Cəmiyyətin inkişafında mədəniyyətin rolu” mövzusuna həsr edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Cavid Əliyev seminarın əhəmiyyətindən, qarşıya qoyulan məqsədlərdən bəhs edib. O, əməkdaşı olduğu Mərkəzin Mədəniyyət Nazirliyinin mədəniyyət siyasətinin həyata keçirilməsində oynadığı rola və üzərinə düşən vəzifələrə toxunub. Qeyd edib ki, “Mədəniyyət naminə elm” layihəsinin silsilə tədbirlər şəklində təşkili mədəniyyət siyasətinin həyata keçirilməsində elmi potensialın artırılmasına, əməkdaşların elmi səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Daha sonra çıxış üçün söz pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmova verilib. “Cümhuriyyət dövründə elm, təhsil, mədəniyyət” mövzusunda çıxış edən tanınmış elm xadimi iki ilə yaxın davam edən müstəqillik dönəmində görülən işlərdən, elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən söz açıb. Qısa zaman ərzində hər üç sahə üzrə böyük məsafə qət edildiyini vurğulayan natiq bu gün də həmin siyasətin uğurla davam etdirildiyini nəzərə çatdırıb.

Tədbirdə bağlanış nitqi ilə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev ilk öncə muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara təşəkkürünü bildirib. Diqqəti layihənin əhəmiyyətinə yönəldən Mərkəzin direktoru əsas məqsədin respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltmək olduğunu vurğulayıb, bu cür tədbirlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini qeyd edib.

Tədbir daha sonra sual-cavab formatında davam etdirilib. İştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova Mərkəz tərəfindən təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə