Azərbaycanlı gənc istedadlar beynəlxalq “Burabay Yay Festivalı”nda iştirak ediblər FOTOLAR
Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 20 illiyinə həsr olunmuş gənc istedadların beynəlxalq “Burabay Yay Festivalı” (Burabay Summer Fest) keçirilib. SİA-nın məlumatına görə, festivalın əsas məqsədi iştirakçıların müxtəlif xalqların mədəniyyət və tarixi ilə tanış edilməsi, gənc istedadlara dəstək verilməsi, yaradıcılıq əlaqələrinin qurulması və beynəlxalq mədəni əməkdaşlığın inkişaf etdirilməsidir.
Səkkiz ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan) 300-dən çox gənc istedadların iştirak etdiyi festivalda ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (fortepiano), Zakir Allahverdiyev (qoboy) və Fizzə Vəlizadə (kamança) təmsil edib.
Festival günlərində əyləncəli-maarifləndirici tədbirlər, ustad dərsləri, ekskursiyalar, birgə konsert proqramları təşkil edilib.
Ölkəmizi təmsil edən gənc istedadlar festivalda konsert proqramı ilə çıxış ediblər.
Festivalın yekunu olaraq Astana şəhərindəki 3500 yerlik “Qazaxıstan” Mərkəzi konsert zalında qala-konsert keçirilib. Gənc pianoçu Nərgiz Əliyeva qala-konsertdə müxtəlif ölkələrin nümayəndələrinin birləşmiş ansambllarının tərkibində çıxış edib. Tədbirin yekununda Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tərəfindən ölkəmizin nümayəndələrinə təşəkkür məktubu, diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Festival barədə məlumatlar Qazaxıstan Respublikasının kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB