Heydər Əliyev Sarayı uşaqlara “Yeni il şənliyində qış möcüzəsi” yaşadacaq

Heydər Əliyev Sarayı uşaqlara “Yeni il şənliyində qış möcüzəsi” yaşadacaq
Heydər Əliyev Sarayı balaca izləyicilərini sevindirməyə davam edir. Məhz buna görə də, saray gələn ilin yanvar ayının 4 gününü uşaqların əyləncəsinə həsr edəcək. SİA-nın məlumatına görə, yanvarın 2, 3, 4 və 5-də sarayda uşaqların yaddaşından silinməyəcək yeni il şənliyi təşkil ediləcək.

"Yeni il şənliyində qış möcüzəsi" adı altında baş tutacaq konsertdə "Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Səyyah", "Azəri inciləri" və "Şənlik" rəqs kollektivləri uşaqlara öz töhvələrini verəcəklər.

Təşkil olunacaq konsert adəti üzrə Bakı şəhərinin ən geniş və maraqlı yeni il şənliyi olacaq. Onu da bildirək ki, 4 gün baş tutacaq konsertdə Heydər Əliyev Sarayının bütün texniki xidmətləri tam gücü ilə işləyəcək.

Bununla yanaşı, sarayda yeni istifadəyə verilən led ekranlardan da istifadə olunacaq ki, uşaqlar onun vasitəsilə konsert başlamazdan öncə darıxmasınlar deyə ekranda (HD formatda) yüksək keyfiyyətdə cizgi filmlərinə baxa biləcəklər. Həmçinin sarayın foyesində animatorlar da olacaq ki, bununla da uşaqlar tanınmış cizgi film qəhrəmanları tərəfindən qarşılanacaqlar.

Yeni ilin atributları sayılan Şaxta Baba və Qar qızda öz növbəsində uşaqları təbrik edənlərin sırasında olacaq. Şənlikdə həmçinin bütün konsert boyu uşaqların əyləncəsinə rəng qatacaq lazer şousu da təşkil olunacaq.

Yeni il şənliyi saat 13.00-da başlayacaq. Biletləri şəhərin bütün kassalarında əldə etmək mümkündür. Biletlərin qiyməti: 4 manatdan- 11 manata qədərdir. Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinidə ön sıralarda təmannasız yer ayıracaq.

Məlumat üçün bildirək ki, "Yeni il şənliyində qış möcüzəsi" Heydər Əliyev sarayının təşkilatçılığı ilə hayata keçirilir.

Bundan əlavə, idarə və təşkilatlardan kollektiv sifarişlər qəbul edilir.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə