Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təqdim edilib
İyulun 3-də Türkiyənin ölkəmizdəki səfirliyinin Nuru Paşa adına konsert salonunda Əməkdar İncəsənət xadimləri Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təqdim edilib. SİA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsertdə öncə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Səfir deyib ki, hər iki bəstəkarın əsərləri monotonluğuna və ritminə görə fərqlidir. Konsertin iştirakçılarına təşəkkürünü bildirən diplomat hər iki bəstəkara yaradıcılığında uğurlar arzu edib.
Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova bəstəkarların yaradıcılığı haqqında qonaqlara məlumat verib. “Ceyhun və Vasif qardaşları müasir Azərbaycan bəstəkarlıq məktəbinin layiqli təmsilçiləridir. Böyük məktəb keçiblər, hər iki peşəkar qələmə malikdir. Hər iki bəstəkarın əsərləri ölkəmizi ən ali səviyyədə təmsil etməyə layiqdir. Onlar musiqinin istənilən janrında özlərini tam rahat hiss edirlər. Mahnı və romanslarında dərin məzmuna meyl edən hər iki bəstəkar musiqinin simfonik xəttinə peşəkarcasına yanaşırlar. Ceyhun və Vasifin əsərlərində, həm də türküçülük məfkurəsi hiss edilir”, - deyə L. Hüseynova söyləyib.
Sonra konsert proqramı təqdim olunub. Konsertdə solistləri Xalq Artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Xəzər Universitetinin kamera orkestri müşayiət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB