Azərbaycan Respublikası Mədəniyyət Nazirinin “Səyyar yay seminar – treninqlərinin keçirilməsi haqqında” əmrinə müvafiq olaraq 3-7 iyul 2018-ci il tarixində Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Bərdə regional mərkəz olmaqla Yevlax, Mingəçevir, Tərtər rayonları üzrə Mərkəzi kitabxana sisteminin və filialların işçiləri üçün keçirilməsi nəzərdə tutulan “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda seminar-treninqlərə start verilib. SİA-nın məlumatına görə, Bərdə rayon Mədəniyyət Mərkəzində kitabxana işçilərinin peşəkarlıq səviyyəsinin artırılması və kitabxanalarda yeni texnologiyaların tətbiqi məqsədilə “Kitabxana işinin təşkilində innovasiyaların tətbiqi” mövzusunda regional seminar-treninqin açılışı olub. T
Tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev açaraq qonaqları salamlamış, bu kimi tədbirlərin regionlarda keçirilməsinin böyük əhəmiyyət daşıdığını, yerlərdəki mədəniyyət ocaqlarının, xüsusilə kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsində vacib rol oynadığını qeyd edib.
Tədbir zamanı Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Respublika Mədəniyyət Müəssisələrinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid çıxışlar edərək bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə Mərkəzi kitabxana sisteminin və filialların 64 nəfər işçisi iştirak edib. Treninq Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası və onlardan irəli gələn digər məsələlər, “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu, kitabxana işinə dair hüquqi aktlar və normativ sənədlər, informasiyalaşdırılmış cəmiyyətdə kitabxanaların yeri və rolu, elektron kitabxana və elektron kataloqların yaradılması, kitabxana xidmətinin məzmunu və əsas vəzifələri, Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi (ALİSA) proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanı və s. kimi mövzulara həsr olunub.
Treninqə Mərkəzin tədris işlərinin tənzimlənməsi üzrə direktor müavini Nəzakət Rəhmanova, baş metodist Samirə Cəlilova, Milli Kitabxananın əməkdaşları Ədibə İsmayılova, Samirə Şabanova, Ədliyyə Akademiyası Kitabxanasının əməkdaşı Ruhiyyə Məmmədova və digər mütəxəssislər cəlb olunub.
Tədbirin sonunda Milli Kitabxananın son 5 il ərzində nəşr etdirdiyi 40-dan artıq biblioqrafik və metodik materialların, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırlanaraq çap olunmuş fundamental biblioqrafiyalardan ibarət sərgi tədbir iştirakçılarına təqdim olunub.
Sonda Rəşad Məcid region kitabxanaçıları ilə görüşmüş, onları yeni kitabları ilə tanış etmiş, həmçinin gənc yazarlar Fərid Hüseyn və Cavid Zeynallı öz şeirlərini oxumuş, kitablarını təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB