Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub

Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub. SİA-nın məlumatına görə, kollektiv "İpək yolu" IX Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşası ilə çıxış edib. Çox böyük uğurla keçən tamaşa Şəkidəki Yuxarı Karvansaray abidə kompleksində açıq havada baş tutub. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib. Quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeyster Sevzixan Serderovdur. Tamaşada əsas rollarda Teatrın gənc solistləri - Əməkdar artist Elnur Zeynalov (Kərəm), televiziya muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Əsli), Taleh Yahyayev (Qara Keşiş), Nurlan Namazov (Şah), habelə Əməkdar artist İsmayıl Ələkbərov, solistlərdən Mütəllim Dəmirov, Nəzər Bəylərov çıxış etmişlər. Xanəndələri tarda Əməkdar artist Elxan Mansurov müşayiət edib.

Tamaşada Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və icra hakimiyyəti aparatının məsul əməkdaşları, şəhərin idarə və təşkilat rəhbərləri, ziyalılar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri Firəngiz Əlizadə, festivalda iştirak edən ölkələrdən - Almaniya, Böyük Britaniya, Macarıstan, Rusiya, Yaponiya. Türkiyə, Özbəkistan və Hindistandan olan musiqi mütəxəssisləri, qonaqlar və musiqiçilər, habelə çoxsaylı turistlər və nəhayət şəkili musiqisevərlər iştirak ediblər. İki saata yaxın davam edən operanı tamaşaçılar çox böyük maraqla izləmiş, dəfələrlə alqışlamış, "bis", "bravo" sədaları ilə müşayiət ediblər.

Tamaşadan sonra Festivalın bədii rəhbəri Firəngiz Əlizadə və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək teatrın rəhbərliyinə və kollektivə yüksək səviyyəli çıxışlarına görə təşəkkürlərini bildirib və festivalın rəmzi olan xatirə hədiyyəsi təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə