Əbülfəs Qarayev: "Biz artıq bu gün dünyaya bəyan etdik ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur və dünyada tanınır"

Əbülfəs Qarayev: "Biz artıq bu gün dünyaya bəyan etdik ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur və dünyada tanınır"
Keniyanın paytaxtı Nayrobi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irs komissiyası növbəti iclasını keçirib. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, Azərbaycan ilk dəfə olaraq bu komissiyanın üzvü kimi iştirak edib: "Burada tək Azərbaycan məsələləri deyil, eləcə də bütün bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olan nümunələr haqqında fikirlər bildirilir. Azərbaycan hər zaman ciddi bir mövqe tutaraq özünü çox fəal komissiya üzvü kimi göstərməyə qadir oldu. Bu komissiyanın tərkibində 24 ölkə nümayəndəsi var. Bu ölkələrin siyahısında da Azərbaycan ekspertlərinin olması ölkəmizin bu sahədə əldə etdiyi müəyyən nailiyyətlərin əyani sübutudur".

Azərbaycan son illər uğurlu siyasətini davam etdirərək YUNESKO-nun irs siyasına Azərbaycan incəsənətinin və xalq yaradıcılığının nümunələrinin daxil edilməsinin tərəfdarıdır deyən nazir: "Son illərdə Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycanın bir neçə sənət əsərinin YUNESKO-nun siyahısına salınması sevindirici haldır. Muğam, aşıq sənəti və Novruz Bayramının siyahıya qatılması müsbət haldır. Bu dəfə isə Azərbaycan xalçası siyahıya əlavə edildi".

Əbülfəs Qarayev hər şeyin o qədər də asan keçmədiyini də bildirib. "Azərbaycan xalçası nominasiyasının daxil edilməsinə qarşı bəzi maneələr də var idi. Son nəticə olaraq komissiyanın üzvləri Azərbaycan xalçaçılıq məktəbinin yüksək səviyyədə olmasını nəzərə alaraq yekdilliklə bu nominasiyanı qəbul etdilər. "Azərbaycan xalçasının sənəti- Azərbaycan Respublikasında" adı altında nominasiya siyahıya daxil olundu. Bu bizə çox müsbət bir imkan yaradır. Çünki biz orada Azərbaycanın əsas xalçaçılıq məktəbi haqqında məlumatları daxil etmişdik. Düşünürük ki, bu proses qəbul olunacaq. O mənada ki, bizim orada İran İslam Respublikasının nümayəndələri ilə danışıqlarımız olub. Artıq İran tərəfindən belə bir təklif irəli sürülüb ki, növbəti mərhələdə bu nominasiya üzrə artıq İranda yerləşən Cənubi və Şərqi Azərbaycan vilayətlərində xalçaçılıq məktəbləri də bu siyahıya daxil edilsin. Artıq bu haqda danışıqlar gedir. Biz artıq bu gün dünyaya bəyan etdik ki, Azərbaycan xalçaçılıq məktəbi mövcuddur və dünyada tanınır. Sonra heç kəs nə Qarabağ, nə Qazax, nədə ki Şuşa xalçaçılıq məktəbinin digər dövlətə və millətə məxsus olması haqqında söz deyə bilməz. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti İranın nümayəndə heyəti ilə çox yüksək və gərgin danışıqlar apararaq müsbət nəticəyə gələcəklər. ", - deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə