İnqmar Berqmanın filmlərinin nümayişi təşkil olunacaq - AÇIQLAMA

İnqmar Berqmanın filmlərinin nümayişi təşkil olunacaq - AÇIQLAMA
Azərbaycanda ilk dəfə olaraq dünya şöhrətli İsveç rejissoru, ssenaristi və yazıçısı, "Oskar" mükafatları laureatı İnqmar Berqmanın filmlərinin nümayişi təşkil olunacaq. SİA-nın məlumatına görə, bu barədə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlamasında bildirib.

Cəmil Quliyev vurğulayıb ki, filmlərin nümayişi Dövlət Film Fondu və Muzey Mərkəzinin birgə təşəbbüsü ilə "Muzeydə kino" layihəsi çərçivəsində təşkil ediləcək.

Layihə çərçivəsində ilk tədbir İnqmar Berqmanın adı ilə bağlıdır. Dekabrın 1-də Muzey Mərkəzində, saat 17.00-da start götürəcək layihənin əsas məqsədi dünya kinosunun incilərini Bakıda nümayiş etdirmək və dünya kinosunun Azərbaycanda təbliğidir.

İ. Bermanın filmlərinin nümayişi üç aya yaxın davam edəcək və Azərbaycan tamaşaçısına ilk nümayiş olunacaq film "Yeddinci möhür" olacaq. Bu layihə çərçivəsində İsveç rejissorunun 7 filminin nümayişi nəzərdə tutulur. Layihə çərçivəsində filmlərin nümayişi ayda iki dəfə təşkil olunacaq.

Fondun direktoru onu da qeyd edib ki, noyabrın 30-da Aəzrbaycanın kinolarında unudulmaz rolları ilə yadda qalan aktyor Gündüz Abbasovun 80 illik yubileyi qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə