Gənc Tamaşaçılar Teatrı İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalında iştirak edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru İsveçdə yaşayan əcnəbi xalqların İncəsənət Festivalında uğurla iştirak ediblər. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.

İran İslam Respublikasının, İsveç, ABŞ, Fransa, Norveç, Hindistan, Mərakeş, Almaniya və Əfqanıstan sənətçilərinin iştirak etdiyi festivalda Azərbaycanı Gənc Tamaşaçılar Teatrının aktyorları Qurban İsmayılov (eyni zamanda "Araz"-teatr studiyasının rəhbəridir), Rasim Cəfərov, Günel Məmmədova və tanınmış tele-aparıcı, əməkdar artist Dilarə Əliyeva təmsil ediblər.

Teatr sənətçilərimiz xüsusi olaraq bu festival üçün hazırladıqları "Xoşbəxt ailə" tamaşası ilə festivala qatılıb. Əsərin müəllifi İsveç yazarı İoakin Prinne, quruluşçu-rejissoru İsveçdə yaşayan həmyerlimiz Həsən Təmənididir.

Tamaşa İsveçdə yaşayan həmyerlimizlə bərabər digər əcnəbi tamaşaçıların da böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, teatr səfərdə olarkən gələn ilin mart ayı üçün bir neçə ölkəyə yeni dəvət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə