TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək
Noyabrın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY Baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək.

Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova təmsil olunacaq.

İclasda 14-15 sentyabrda İstanbulda keçirilən türkdilli ölkələrin Dövlət Başçılarının X Zirvə görüşünün Bəyannaməsində TÜRKSOY ilə bağlı qəbul edilən qərarlar, TÜRKSOY-un fəaliyyət və maliyyə hesabatları, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil edilməsi planlaşdırılan türkdilli ölkələrin Beynəlxalq mədəniyyət festivalı, "2011-Abdulla Tukay İli" Proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan tədbirlər, 2011-ci ildə BMT Baş Qərargahında Novruz Bayramının qeyd edilməsi, 2011-ci il TÜRKSOY Fəaliyyət proqramına əlavə və dəyişikliklər edilməsi, XXVIII toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir.

Bununla yanaşı toplantıda TÜRKSOY-un növbəti Dönəm koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə