VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib- FOTO

VII “START” Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib- FOTO
Bu gün Beynəlxalq Muğam Mərkəzində VII "START" Tələbə və Gənclərin Beynəlxalq Film Festivalının təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov bildirib ki, artıq 7-ci ildir keçirilən bu festival yüksək şəkildə təşkil olunur: "Festival sayəsində yaradıcı gənclər aşkara çıxır. Hesablamalarımız nəticəsində belə qənaətə gəlmişik ki, gənclər tərəfindən 5 ildə 23 bədii qısametrajlı film çəkilib. İldən-ilə miqyasını genişləndirən bu tədbirə daha çox ölkələrin qatılacağına ümid edirəm".

"7 il öncə bu festivalın layihəsini təqdim edəndə inanmazdım ki, nə vaxtsa burada 16 ölkə iştirak edəcək. Bu, məni çox sevindirir. Arzu edirəm ki, festival illər sonra 96 ölkəni özündə birləşdirsin", - deyən festivalın direktoru Fehruz Şamıyev qeyd edib ki, tədbirin əsas məqsədi professional və istedadlı gəncləri ortaya çıxarmaqdır. F.Şamıyev bu festivalı həm də mübadilə proqramı və kino bayramı adlandırıb.

Açılış mərasimi musiqili proqramla davam edib. Mərasimdə "Oyan" (Azərbaycan), "Burda mənəm" (Polşa) və "Tortik" (Ukrayna) filmləri nümayiş olunub.

Qeyd edək ki, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin və "CİNEMA" Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən festivalın münsiflər heyətinə Yavər Rzayev sədrlik edir. Jürinin üzvləri Rodion İsmayılov (Rusiya), Nadir Saivən (İran) və David Caniledzedir (Gürcüstan).

Noyabrın 24-dək davam edəcək kinoforumda 16 ölkədən 100-ə yaxın müxtəlif janrlı film nümayiş olunacağı gözlənilir. Filmlərin nümayişi saat 11:00-dan 18:00-a qədər Azərbaycan Kinematoqrafçılar ittifaqında olacaq.

Qeyd edək ki, "START" Beynəlxalq Film Festivalını 2004-cü ildə "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi təsis edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti illərdə digər ölkələrin tələbələrini də özünə cəlb etməklə əhatə dairəsini daha da genişləndirib. "START" Beynəlxalq Film Festivalının təşkilatçı və təsisçilərinin məqsədi regionda gənclərin ən mötəbər film festivalının məhz Azərbaycanda keçirilməsinə nail olmaqdır. 2005-ci ildən beynəlxalq statusu qazanan "START", həm də yerli gənc rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə