Vaxtanq Kikabidze onu sevənlərə unudulmaz gecə yaşadıb- FOTO

Vaxtanq Kikabidze onu sevənlərə unudulmaz gecə yaşadıb- FOTO
Gürcüstanın tanınmış müğənnisi Vaxtanq Kikabidze Heydər Əliyev Sarayında onu sevənlərə unudulmaz gecə yaşadıb. SİA-nın məlumatına görə, "Ya jizn ne toroplyu" adı altında baş tutan konsertdə ilk olaraq müğənni haqqında qısa film izləyicilərə təqdim olunub.

Daha sonra isə səhnəyə Vaxtanq Kikabidze çıxaraq bütün tamaşaçıları salamlayıb: "Mən yenidən burada, sizin qarşınızda konsert verməkdən çox məmnunam. Bu konsertim ölkə başçısı Mixail Saakaşvilinin göstərişi ilə keçirilən dünya turnem çərçivəsində təşkil olunub. Mixail Saakaşvili bildirib ki, dünyanın bütün ölkələrində - harada diasporumuz var, orada konsertlərim keçirilsin və həmyerlilərimlə görüşüm baş tutsun. Bu turne çərçivəsində ilk konsertim Marnuelidə olub, ikinci konsertim isə hazırda Bakıda keçirilir. Hələ bundan sonra çox konsertlərim olacaq. Mən Bakını çox sevirəm və hər zaman bütün çıxışlarımda demişəm ki, iki şəhərdə məmnuniyyətlə yaşayaram. Bunlardan biri əlbəttə ki, Tbilisi, ikincisi isə Bakıdır. Hər iki şəhəri çox sevirəm və burada özümü çox rahat hiss edirəm".

Üç saata yaxın davam edən proqramda müğənni nə zarafatından, nə də rəqsindən qalıb. Maraqlıdır ki, səhnə arxasında köməksiz gəzə bilməyən sənətçi, səhnədə tamaşaçılara bu narahatlığını qətiyyən büruzə verməyib. O sərbəst şəkildə rəqs edib, mükəmməl sənətkarlıq nümayiş etdirib. Konsert zamanı davamlı olaraq "Yaşa Azərbaycan" deməsi izləyicilərin marağına səbəb olub.

Proqram çərçivəsində saray səhnəsində quraşdırılan böyük ekranda Vaxtanq Kikabidzenin rol adlığı filmlərdən fraqmentlər də nümayiş etdirilib. Sonda Vaxtanq Kikabidze alqışlarla yola salınıb. Konsertdən sonra isə Gürcüstandan xüsusi olaraq gətirilən gürcü çaxırı, üzərində Vaxtanq Kikabidzenin fotosu olan köynəklər, eyni zamanda müğənninin dvd və cd-si satışa çıxarılıb.

Məlumat üçün bildirək ki, konsert Heydər Əliyev Sarayının təşkilatçılığı ilə baş tutub. Konsertdə demək olar ki, müğənni əksər mahnılarını əsasən rus dilində ifa edib.

Qeyd edək ki, müğənni bu konsertdən əvvəl Saray səhnəsində 8 mart- Beynəlxalq Qadınlar Günündə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə