Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin I turu başa çatıb FOTOLAR

Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin I turu başa çatıb FOTOLAR

Bakı şəhərində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinə start verilib. SİA-nın məlumatına görə, müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artistləri, professorlar Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar incəsənət xadimi Dmitri Vdovin kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndiriblər.

Müsabiqənin ilk turunda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan 58 nəfər gənc istedadlı vokalçı iştirak ediblər. İştirakçılardan II tura vəsiqə qazanmış 26 nəfər arasında Azərbaycandan Əməkdar artist Elnarə Məmmədova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Mahir Tağızadə də var.

Hazırda müsabiqənin seçim turları davam edir. İyun ayının 7-də Xalq artisti Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə müsabiqənin final mərhələsi keçiriləcək.

SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də Heydər Əliyev Sarayında, iyunun 9-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə