Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılışı olub
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Bülbülün şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Görkəmli sənətkar Bülbülün anadan olmasının 120 illiyinə həsr edilən tədbiri mədəniyyət naziri Əbülfəs Qarayev açaraq müsabiqənin əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə bu sənət yarışının keçirilməsi ənənəyə çevrilib: “Hazırda dünyanın opera səhnələrində çıxış edən onlarca ifaçı vaxtilə bu müsabiqənin iştirakçıları olublar. Müsabiqə gənclərin gələcək yaradıcılıq fəaliyyətinə bir qapıdır və açar onların öz əllərindədir. İstedad, bacarıq varsa, onlar öz yollarını tapacaqlar”.
Beynəlxalq müsabiqənin ənənəyə sadiq qalaraq bu dəfə də dünya opera ifaçılığı sənətinə dəyərli töhfələr verəcəyini, iştirakçıların yaradıcılıq taleyinə müsbət təsir göstərəcəyini deyən nazir onlara uğurlar arzulayıb.
Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu müsabiqənin bütün regionun mədəni həyatında böyük hadisə, gənc ifaçılar üçün bir imkan olduğunu qeyd edib. “Bülbül ailəsi adından Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Müsabiqənin əsası isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edirəm”.
Bakıda keçirilən təntənəli müsabiqədə iştirak etməkdən məmnunluğunu bildirən beynəlxalq münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus sənət yarışması haqqında fikirlərini bölüşüb. O vurğulayıb ki, bütün istedadını və zəhmətini həm Azərbaycan, həm də dünya mədəniyyətinin inkişafına həsr etmiş dahi sənətkar Bülbülə həsr olunan müsabiqə özlüyündə əlamətdar hadisədir.
Sonra münsiflər heyətinin üzvləri iştirakçılara təqdim edilib.
Bildirilib ki, müsabiqə iştirakçılarının ifalarını musiqi mədəniyyətinin görkəmli nümayəndələri - münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq Artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar İncəsənət Xadimi Dmitri Vdovin, Almaniyadan beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray qiymətləndirəcəklər. Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün adını daşıyan müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan və Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edirlər.
Tədbir müsabiqənin birinci turunun dinləmələri ilə davam edib.
Qeyd edək ki, müsabiqənin seçim turları iyunun 7-dək Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. İyunun 4-dən 6-dək müsabiqənin I və II turları, iyunun 7-də isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.
Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də Heydər Əliyev Sarayında, iyunun 9-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB