Metodiki Mərkəzin yeni nəşrləri

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə bu günə kimi əsas istiqamətləri və strateji hədəfləri özündə əks etdirən 70-ə yaxın müxtəlif metodiki vəsait hazırlanıb. SİA-nın məlumatına görə, mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər. Bu mənada növbəti dörd yeni vəsait işıq üzü görüb.

“Unudulmaqda olan sənətkarlıq emalatxanası” adlı tövsiyə yaradıcı dərnəklərin müəllimlərinə, sagird və tələbələrinə tənəkdən toxumanın əsaslarından geniş söhbət açır.

“Seminarların təşkili qaydaları” adlı metodiki tövsiyədə seminarların planıaşdırılması, təşkili mərhələləri, istifadə olunan forma və üsullar haqqında məlumat verilir.

“Estrada oxuma fənni üzrə” proqram uşaq musiqi və incəsənət məktəbləri üçün, “Musiqi əsərlərinin təhlili” proqramı isə onbirillik təhsil sistemi üçün nəzərdə tutulub.

Metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulub. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.

Qeyd edək ki, vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları, KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin ssenarilərini, habelə musiqi-incəsənət məktəbləri üçün dərslikləri əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə