İsa Muğannanın 90 illiyi qeyd olunacaq

İsa Muğannanın 90 illiyi qeyd olunacaq

Ədəbiyyat tariximizdə zəngin irs yaradanlar böyük təfəkkür sahibi, dünyagörüşünə malik Azərbaycan və dünya ədbiyyatının biliciləridir. Tarixin dönəmlərində baş verənləri, ictimai-siyasi hadisələri araşdırıb, təxəyyülündən keçirərək yazıya alan qələm sahibləri böyük bir missiyanı yerinə yetirərək, tarixlə bu günümüz arasında körpü salıb, zamansız əbədi ömürə sahib olurlar. Bəzən zamanın təqiblərində tarixin "unutduqlarını" ədəbiyyat gerçək bir şəkildə əks etdirir. "Kitabi-Dədə Qorqud"dan başlamış bu günümüzə qədər olan mükəmməl ədəbiyyatımda tariximiz, milli adət-ənənələrimiz, coğrafi ərazimizlə lazımı şəkildə tanış ola bilirik. Həqiqətən də, ədəbiyyat bir tarixdir.

İyirminci yüzilliyin tanınmış qələm sahiblərindən görkəmli nasir və ssenarist, xalq yazıçısı İsa Muğanna (Hüseynov) da ədəbiyyatımızda yeri, rolu çəkisi olan simalardandır. Uzun illər Azərbaycan ədəbiyyatına orijinal qələmi ilə xidmət edən yazıçı müşahidələrini yaradıcılıq fantaziyası ilə birləşdirərək məzmun və ideya baxımından əhəmiyyətli olan əsərlərin müəllifinə çevrilib.

Ədəbiyyatımızda imzası olan İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında 31 may tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamı məhz onun sənət, yaradıcılıq yoluna olan diqqət və qiymətdir.

Dövlət başçısının Sərəncamına əsasən, Azərbaycan ədəbiyyatının və kino sənətinin inkişafında təqdirəlayiq xidmətlər göstərmiş görkəmli yazıçı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, tədbirlər planını hazırlanıb həyata keçiriləcək.

Tərcümeyi-halına yazılan sətirlərdən oxuyuruq ki, 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gələn İsa Muğanna orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da, dörd ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru, "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, Ssenari şurası üzvü, Azərbaycan Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifələrində çalışıb. Bu və ya digər vəzifələrdə çalışmasına baxmayaraq, 1948-ci ildən ədəbi fəaliyyətə başlamış, "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilmişdi. Beləliklə, ədəbi nümunələri bir-birinin ardınca oxucuların ixtiyarına verilir. 1950-ci illərdən etibarən kitabları nəşr olunur. Müasir Azərbaycan nəsrinin əsaslı surətdə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olan İsa Muğanna mədəni-mənəvi dəyərlərin qorunması naminə altmış ildən artıq müddət ərzində ədəbi prosesə istiqamət verən rəngarəng mövzulu əsərləri ilə ədəbiyyatımıza yeni nəfəs gətirir. Onun əsərləri yalnız məzmun dairəsinin genişliyi və əhatəliyi cəhətdən yox, həm də yüksək sənətkarlıq səviyyəsi, bədiilik keyfiyyətləri, aydın üslubi ilə diqqəti çəkir. Onun iri və kiçik həcmli əsərlərində qeyd olunan keyfiyyətlər özünü qabarıq şəkildə büruzə verir. Dərin ictimai fikirləri ilə məhz, qoyduğu problemin həllinə nail olur. Odur ki, hekayələrində də, povest və romanlarında da İsa Muğannanın həyatla və bu həyatda baş verən hadisələrlə bağlı geniş müaşahildə və qənaətləri dolğun bir süjetin ərsəyə gəlməsinə səsəb olur. Təsvir etdiyi hadisələr inandırıcı, personajları səmimidir. Mənfi və müsbət obrazlara yazıçının yanaşması onların xarakterik xüsusiyyətlərinin açılmasına xidmət edir. Odur ki, İsa Muğannanın qələmə aldığı əsərlərdə əsərin həcmi önəm kəsb etmir.

Fəlsəfi düşüncə və ədəbi üslub rəngarəngliyi ilə ədəbiyyatımızda yer alan İsa Muğannanın bədii kamillik və bitkinliyi ilə seçilən "Teleqram" povesti, "Yanar ürək", "İdeal", "Türfə", "Qəbiristan", "Cəhənnəm" romanları və s. əsərlərində yazıçının qələmindəki, mövzularındakı müxtəliflik, bədii ifadə vasitələrindən yerli-yerində istifadə etmək bacarığı, müasirlərimizin həyat tərzini, mənəvi aləmini, duyğu və düşüncələrini nəsrə köçürülməsi diqqətdən yayınmır. Bütövlükdə ədəbi nümunələrin hər birində yazıçı düşüncəsi, meyarı, ən ümdə detalları belə böyük ustalıqla təsviri, həyatı parlaq bədii lövhələrlə canlandırmaq bacarığı yaradıcılığı üçün səciyyəvidir.

Azərbaycan kinematoqrafiyasının Qızıl Fonduna daxil olmuş bir çox filmin ssenari müəllifi kimi də tanınan İsa Muğannanın ssenariləri əsasında "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi İsa Muğannanın zəngin yaradıcılığı, geniş sənətkarlıq imkanları, zamanın tələblərinə cavab verən ədəbi irsi böyük məhəbbətlə yada salınır, öyrənilir və tədqiq olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə