"Prezidentimiz milli mədəniyyətimizin hamisidir"

"Prezidentimiz milli mədəniyyətimizin hamisidir"

Teyyub Aslanov: "Səhnə fəalliyətimi yüksək qiymətləndirərək, xalq artisti adına layiq görüldüyümə görə qürur hissi keçirirəm"

Mədəniyyətin, incəsənətin inkişafına dövlətimizin himayəsi və qayğısı son illər həyata keçirilən mədəniyyət siyasətində daha parlaq şəkildə öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyətimizin inkişafına, klassik və müasir yaradıcı şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, onların yaradıcılıq irsinin bütün dünyada yetərincə təbliğ olunmasına böyük önəm verir. Dövlət başçımızın mədəniyyətimizin aparıcı sahəsi olan ədəbiyyata, bütövlükdə, söz sənətinə, musiqimizə yüksək qayğı və məhəbbəti milli-mənəvi dəyərlərimizə olan diqqətin nümunəsidir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir neçə sənət xadiminə fəxri adların verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi qayğının daha bir bariz nümunəsidir. Həmin sənət xadimləri sırasında uzun illərdir ki, istedadı, ifa tərzi ilə seçilən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, "Qədim Musiqi Alətləri" Dövlət Ansamblının solisti, xanəndə Teyyub Aslanovun da adı var. O, Cənab Prezidentin Sərəncamı ilə Azərbaycan xalq artisti adına layiq görülüb.

Xanəndə fəxri ad almasının sevincini bizimlə bölüşərək bildirdi ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində, xalqımız üçün əlamətdar bir tarixdə məni və dəyərli sənətkarlarımızı fəxri adlara layiq gördüyü üçün qürur hissi duyuram: "Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümü bildirirəm. Ölkə rəhbərliyi tərəfindən hər zaman Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirilir, sənət adamlarına böyük qayğı göstərilir. Dövlətimizin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə mühüm uğurlar qazanıb, aparılan uğurlu siyasət nəticəsində Azərbaycan mədəniyyəti daha da inkişaf edərək dünya sivilizasiyasında öz layiqli yerini tutub. Muğam sənətimizin UNESCO-nun Maddi Mədəni İrs Siyahısına daxil olması məhz dövlətimizin mədəni irsimizə, bu irsi yaşadan sənətkarlara verdiyi qiymətdir. Dövlətimizin mənə göstərdiyi bu etimad, layiq görüldüyüm bu yüksək fəxri ad üzərimə daha bir məsuliyyət hissi qoyur. Bundan sonra da yaradıcılığımla Azərbaycanın adını daha da yüksəklərə qaldırmaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Qeyd edək ki, T.Aslanov UNESCO səhnəsində dəfələrlə Azərbaycan muğam sənətinin görkəmli nümayəndələri ilə bərabər çıxışlar edib. Muğam sənətinin sirlərini əməkdar müəllim, unudulmaz muğam bilicisi Nəriman Əliyevdən öyrənmiş, 1989-1994-cü illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr aktyorluğu ixtisası üzrə təhsil almışdı. 1995-ci ildən muğam üçlüyü və başqa ansambllarla bərabər ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya və s. ölkələrdə konsert və festivallarda iştirak edib. Heydər Əliyev Fondunun həyata keçirdiyi onlarla mədəni layihələrdə böyük qürur hissi ilə iştirak edib.

T.Aslanov söhbət zamanı 2001-ci ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının solisti və 2015-ci ildə tələbələr üçün tədris vəsaiti olan "Bayatı-Şiraz" muğamının ifaçılıq təfsiri" (2015) adlı metodik tövsiyənin müəllifi olduğunu bildirdi:"20 ilə yaxındır ki, sənətin sirlərini gənc nəslə öyrədirəm. Bir daha ölkə rəhbərliyinə sənətimə verilən bu dəyərə görə dərin təşəkkürümü bildirirəm".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə