Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndələrindən olan, yaratdığı əsərləri ilə dünyanı gəzib-dolaşan, hər bir tablosunda Azərbaycanın rəngini, nəfəsini hiss etdirən Sakit Məmmədovun yaradıcılıq yolu orijinal və olduqca zəngindir. Bu sənət aləmindən duyulan isti nəfəs böyük bir sənətkarın yaradıcılıq qalereyasının mahiyyətini əks etdirir. Opalizm üslubunun əsasını qoyan rəssam yeni bir məktəb yaratmışdır. Onun rəsmləri bu gün dünyanın məşhur muzeylərinin, qalereyalarının, habelə hərraclarda kolleksionerlərin məmnuniyyətlə əldə etmək istədikləri əsərlər sırasındadır. Bu günlərdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə fəxri ad alanlar sırasında onun da ismi var. Rəssam Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülüb. Rəssamın sevincinə şərik olaraq, onun yaşadığı hissləri oxuculara təqdim etmək qərarına gəldik.
S.Məmmədov böyük iftixarla Azərbaycan Prezidenti tərəfindən xalq rəssamı adına layiq görülməsini dilə gətirdi. "Xalq rəssamı adına layiq görülməyim mənim üçün olduqca gözəl bir hissdir", – deyən rəssam bildirdi ki, Sərəncam imzalanan gün o, xaricdə - Türkəyənin İstanbul şəhərində Ulu Öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə iştirak edirmiş: "Dünyanın bir çox ölkələrinin ən yüksək mükafatlarına layiq görülmüşəm. Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı, Min İlin Adamı Azərbaycanlı rəssam, Böyük Cəngavər Qızıl Ulduzu, Rusiya İmperator Rəssamlıq Akademiyasının akademiki və medalı, Avropa Təbii Elmlər Akademiyasının akademiki, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Beynəlxalq Cənngavərlər İttifaqının Senator Ulduzu, Leanardo Da Vinçi Medalı, Almaniya Akademiyasının professoru, Dünya Rəssamlıq Akademiyasının medalı, Avropanın Şərəf ordeni, İtalyanın qızıl medalı və s mükafat və adlarına layiq göürmüşəm. Amma Prezident Cənab İlham Əliyevin Sərəncamı ilə xalq rəssamı adına layiq görülməyim aldığım mükafatlar sırasında mənim üçün ən ali mükafatdır. Öz doğulduğum məkanda, yaşadığım vətəndə bu ad almaqdan şərəfli, qürurlu heç nə ola bilməz. Xalqa ləyaqətli xidmət, layiqli övlad olmaq gərəkdir ki, dövlətimiz də əməyini qiymətləndirsin. Mənim yaradıcılığımı belə yüksək qiymətləndirdiyinə görə, Prezidentimizə, Cənab İlham Əliyevə dərin minnətdarlıq hissimi bildirirəm".
"Alın yazısını bəzən alın təriylə yumaq olar. Çünki Allah alın tərini, zəhməti qiymətləndirəndi", - deyən Sakit Məmmədovu istedad və zəhməti bu zirvəyə yüksəldir. 60 illik ömür yolunda sənətə həsr olunan illər onu zirvədən-zirvəyə ucaldıb.
1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə ilə bitirən 1981-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə daxil olan, 1987-ci ildə oranı da fərqlənmə diplomu ilə bitirən rəssam 30 ildən çoxdur ki, bədii yaradıcılıq fəalliyyəti ilə məşğul olur. Rəssam dünyanın ən mötəbər sərgi salonlarında, qalereyalarında keçirilən sərgilərin iştirakçısı olub. Onun sözlərinə görə, Türkiyədə, Rusiyada, Almaniyada, Fransada, Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada və digər dünya dövlətlərində sərgiləri keçirilib. Mütəmadi olaraq Azərbaycanda da fərdi sərgiləri təşkil olunur.
Sənətə bağlı həyat yolu onu daha da böyük uğurlara doğru aparır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB