Avropanın termal xəritəsi üzrə təqdimatı olub FOTO

Avropanın termal xəritəsi üzrə təqdimatı olub FOTO

Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Qalaaltı” kurortunda keçirilən “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı çərçivəsində Avropanın termal xəritəsi üzrə təqdimat olub.

SİA-nın məlumatına görə, Assosiasiyanın Elmi komitəsinin prezidenti Mario Kresente çıxış edərək Avropanın termal şəhərləri, bu şəhərlərdə turizmin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, eləcə də EHTTA-nın fəaliyyəti haqqında məlumat verib. Roma İmperiyası dövrünə aid xəritəni nümayiş etdirən mütəxəssis bildirib ki, bu xəritə üzərində termal mənbələri olan şəhərlər öz əksini tapıb: “Bu tarixi xəritədə Azərbaycanın yerləşdiyi ərazi də təsvir olunub. Xəritənin prototipini 2016-cı ildə yaratmışıq və bu təsvirlərin hazırlanmasında tarixçilər, arxeoloqlar da yaxından iştirak ediblər”.

Tibbi turizmin bugünkü inkişafından danışan M.Kresente ildən-ilə insanların bu turizm növünə marağının artdığını vurğulayıb: “Avropanın müxtəlif ərazilərində minerallarla zəngin termal qaynaqlar var. Bu termal su mənbələri qədim zamanlardan insanlar tərəfindən istifadə olunub. Eləcə də bu resursların istifadə olunması və faydaları haqqında müxtəlif mənbələrdə məlumatlara rast gəlirik. İndi isə bu termal sulardan daha geniş istifadə edilməsi üçün müasir infrastruktur yaradılır, müalicə imkanları genişlənir. Bu da, təbii ki, turistləri daha çox cəlb edir”. Bildirilib ki, hazırda dünyada 150-yə yaxın termal şəhər mövcuddur.

Daha sonra təqdimat ətrafında müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda beynəlxalq tədbirin iştirakçıları “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə