Samirə İsayevanın rəhbərliyi ilə 24 saylı Musiqi Məktəb uğurlara imza atır FOTOLAR
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkənin hər yerində, o cümlədən müxtəlif idarə və təşkilatlarda, musiqi məktəblərində silsilə tədbirlər təşkil edilir, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, fəaliyyətindən söz açılır. Bununla yanaşı AXR-ın müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verməsi də diqqətə çatdırılır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirib.
SİA-nın verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş tədbirlərdən biri də bu gün M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub. Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov və digər nümayəndələri, Xəzər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisi, general-mayor, xalq artisti Yusif Axundzadə, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Məlumat üçün bildirək ki, konserti Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş drijoru, İlahə Hüseynovanın isə drijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.
Konsertin aparıcısı ilk öncə Azərbaycan Xalq cümhuriyyətinin yaranmasından, üçrəngli bayrağımızın tarixindən danışıb. Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu qeyd edərək, Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs etmiş, o cümlədən Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu xüsusilə vurğulayıb. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə qonaqlara məlumat verib.
Qeyd edib ki, müstəqilliyin ilk illərində ölkəmiz iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bir sıra digər səbəblərlə əlaqədar böyük çətinliklərlə üzləşib. Lakin buna baxmayaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılıb və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bakı şəhər Xəzər rayon 24 saylı 11 illik Musiqi Məktəbinin yaranmasından, keçdiyi şərəfli yoldan danışan aparıcı bildirib ki, musiqi məktəbi Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1975-ci il 28 may tarixli 209 saylı, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 1975-ci il 30 iyul tarixli 05383 nömrəli əmri ilə 1975-ci ildə Bakının Binə qəsəbəsində fəaliyyətə başlamışdır: “2009-cu ilin aprel ayında isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 28 aprel 2009-cu il tarixli 43 saylı əmri ilə onbirillik məktəbinə çevrilmişdir. Hazırda məktəbə Samirə İsayeva rəhbərlik edir. Onun direktoru olduğu musiqi məktəbinin fəaliyyəti həm rəhbərlik tərəfindən yüksək qiymətləndirilir, həm məktəbdə təhsil alan şagirdlərin, eyni zamanda onların valideynlərinin ürəyincədir. İnanırıq ki, bu gün keçiriləcək konsert proqramı hamının xoşuna gələcəkdir”.
Sonra məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Konsertdə məktəbin “İnci” ansablının ifasında (solist III sinif şagirdi Nicat Həsənov, müəllim Abbas Abbasov) Tofiq Quliyevin “Görüş” kinofilmindən vals, Respublika Müsabiqəsi Laueratı X sinif şagirdi Zöhrə Ramazanlının ifasında (müəllim Fatimə Qədirli) Vasif Adıgözəlovun Fortepiano və Xalq Çalğı Alətləri Orkestri üçün Konsert (I hissə), Respublika Müsabiqəsi diplomantı XI sinif şagirdi Rəhiməxanım Quliyevanın ifasında (müəllim Respublikanın Əməkdar artisti Fəridə Məlikova) Cahangir Cahangirovun “Rondo” əsəri və digər bəstəkarların əsərləri məktəbin şagirdlərinin ifasında tamaşaçılara təqdim olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov çıxış edərək 24 saylı onbirillik Musiqi Məktəbinin əldə etdiyi nailiyyətlərdən danışıb. Tədbirin sonunda konsertdə nümunəvi çıxış edənlərin mükafatlandırılma mərasimi keçirilib.
MƏMMƏDHƏSƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB