Bakıda “Neft və mədəniyyət – xalqın sərvəti kimi” birgə beynəlxalq konfransı keçiriləcək

Bakıda “Neft və mədəniyyət – xalqın sərvəti kimi” birgə beynəlxalq konfransı keçiriləcək
Noyabrın 23-24-də Bakıda "Neft və mədəniyyət – xalqın sərvəti kimi" birgə beynəlxalq konfransı keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, konfransın rəsmi açılış mərasimi 23 noyabrda, saat 11.00-da Muzey Mərkəzində baş tutacaq.

Sözügedən tədbirlə əlaqədar Rusiyanın tanınmış neft sənaye şirkətlərinin və müvafiq elmi qurumlarının nümayəndələri ilə yanaşı Rusiya Dövlət Dumasının deputatlarının da Azərbaycana səfərləri gözlənilir.

Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu və Memarlıq və İncəsənət İnstitutu, habelə Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də konfransa qatılacaq.

Tədbirin sonunda iştirakçılar tərəfindən bəyannamənin qəbul olunması nəzərdə tutulur. Bəyannamənin mahiyyəti müasir dövrdə mədəniyyət siyasətinin aktuallığının təsbitinə, habelə biznes dairələrinin mədəniyyətə və yaradıcılıq təşəbbüsünə dəstək və diqqətinin artırılmasına dair çağırışdan ibarətdir. Bəyannamə Azərbaycan və Rusiyanın tanınmış çap mətbu orqanlarında nəşr olunacaq.

Qeyd edək ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlığa dair 2009-2010-cu illər üzrə Proqram çərçivəsində həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə