“Unudulmaz sənətkar”
Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Lətif Kərimovun anadan olmasının ildönümü münasibətilə "Unudulmaz sənətkar" adlı sərgi-tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin şöbə müdiri Aygün Abbasova Lətif Kərimovun həyat və yaradıcılığından danışıb, onun Azərbaycan xalçaçılıq sənətinin inkişafında, dünyaya çatdırılmasında xüsusi rolunun olduğunu bildirib.

Tədbirdə müəllifin 15 eskizi, həmçinin 12-16 fevral tarixlərində Parisdə UNESCO-nun iqamətgahında alimin 100 illik yubileyinə həsr edilmiş "Azərbaycan xalçası" və "Azərbaycan xalça sənəti" mövzusunda IV Beynəlxalq Simpozium üçün hazırlanaraq çap olunan 2 cildlik "Lətif Kərimov fenomeni" adlı kitabın nümayişi həyata keçirilib.

Sənətşünas Kübra Əliyeva isə xalçaçı rəssamın həyat və yaradıcılığı barədə geniş məlumat verib.

Son olaraq isə Lətif Kərimova həsr olunan "Ömrün naxışları" filmi təqdim olunub. Filmin nümayişindən sonra alimin ailə üzvləri ilə yanaşı, xalq rəssamı Eldar Mikayılzadə, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov və digərləri öz xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə