Ağdamda xalq artisti Mənsum İbrahimovun 50 illik yubileyi qeyd olunub

Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində tanınmış xanəndə, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, professor Bəxtiyar Əliyev, "Ağdam" qəzetinin redaktoru Baxşeyiş Hətəmov və başqaları çıxış edərək yubilyarın həyat və yaradıcılığından, onun yaratdığı ölməz obrazlardan, muğamlarımızın inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, M. İbrahimovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmiş və 1998-ci ildə o, əməkdar artist, 2005-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Hazırda Prezident mükafatçısıdır.

Yubiley tədbirində xalq artistləri Qədir Rüstəmov, Aygün Bayramova, Nəzakət Teymurova, Əməkdar Artist Təyyar Bayramov, gənc xanəndələr Səbuhi İbayev, Ehtiram Hüseynov, Elnur Zeynalov, Leyla Əsgərovanın ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.

Sonda çıxış edən Mənsum İbrahimov onun əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıq etmiş, növbəti belə tədbirləri işğaldan azad olunmuş torpaqlarımızda qeyd etməyi arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə