Turizm sürətlə inkişaf edən iqtisadi sektora çevrilib

Turizm sürətlə inkişaf edən iqtisadi sektora çevrilib

"Dinamo" otelin istifadəyə verilməsi ölkəmizdə turizmin inkişafına daha bir töhfədir

Nümunəvi inkişaf modelinə malik olan Azərbaycan regionun lider dövləti səviyyəsinə yüksəlib. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb.

Ölkənin bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş məqsədyönlü tədbirlər nəticəsində, Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. Müasir dövrümüzdə turizm sənayesi iqtisadiyyatın sürətlə inkişaf edən əsas sahələrindən biri kimi ildən-ilə daha da genişlənməkdədir. Ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamların imzalanması və dövlət proqramlarının təsdiq olunması bu sahədə ciddi irəliləyişlərə səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi ölkəmizin turizm sənayesi üçün yeni bir mərhələnin başlanğıcını qoymuş oldu. Artıq bu yolda bir sıra uğurlu addımlar atılıb. Bəli, Azərbaycan dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilirlər. "Şahdağ" Turizm Mərkəzi, "Tufandağ" Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. Xarici turistlərin Azərbaycana rahat şəkildə səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bir sıra ölkələrin vətəndaşları isə sadələşdirilmiş viza əldə etməklə səfər edə bilirlər. Elektron viza sisteminin yaradılması, daha sonra "ASAN Viza" sisteminin tətbiqi ölkəmizə gəlmək istəyənlər üçün viza alınmasını 3 gün ərzində mümkün edib.

Bütün bunlarla yanaşı, indi paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir. Bu gün Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər dünya standlartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub və respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Beləliklə, Bakıda beşulduzlu hotellərin sayı durmadan artır.

Hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Şimal-qərb zonasında, Şamaxıda, Qəbələdə, Şəkidə, Qubada və başqa məkanlarda müasir tələblərə cavab verən otellər inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Dövlətin bu sahəyə diqqət və qayğısı, qeyd etdiyimiz kimi, paytaxtla yanaşı, bölgələrdə də mühüm layihələrin icrasına, ən müasir dünya standartlarına cavab verən turizm obyektlərinin, hotel və istirahət mərkəzlərinin inşasına zəmin yaradır.

Bu günlərdə - mayın 11-də isə Bakının Səbail rayonunda "Dinamo" otelinin açılış mərasimi oldu. Nəfis tərtibatla qurulan oteldə aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalmaları, yüksək səviyyədə istirahət etmələri və vaxtlarını səmərəli keçirmələri üçün maksimum imkanlar yaradılıb. Yüksək səviyyədə tikilib istifadəyə verilən otel ölkəmizdə turizmin inkişafına öz töhfəsin verəcəkdir. Otelin açılışında çıxış edən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bu otelin fəaliyyətə başlamasını ölkəmizin ümumi inkişafının göstəricisi olduğunu bildirib: "Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, onların arasında, əlbəttə ki, "Formula-1" yarışı dünyanın diqqətini Azərbaycana cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostlarının üzünə açır".

Cənab Prezident şəhərin sürətlə inkişaf etdiyini və bu gün Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib: "...biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq".

Məlumdur ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Prezidentin Sərəncamı ilə təsdiq edilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərir.

Turistlərin sayının ötən illərlə müqayisədə artması bu sahənin inkişafının göstəricisidir. Dövlət başçısı ölkəmizə gələn turistlərin sayına diqqəti çəkərək, bildirib ki, bu artım 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz olub: "Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıbdır. İndi "ASAN Viza" rejimindən istifadə edərək, 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var və gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaqdır".

Göründüyü kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Dövlətin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına daha böyük imkanlar yaradır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə