Aktrisa: "Mədəniyyət ailəmindən xəbəri olmayanlar sənətimizi dəyərdən salırlar" MÜSAHİBƏ-FOTOLAR
Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Bahar Həmzəyevanın müsahibəsini SİA-nın oxucularına təqdim edirik:
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Bir neçə gün bundan öncə Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşasında rol almışdım. Həmin tamaşada “Mədinə xala”nı canlandırırdım. Çox maraqlı bir obraz idi. Tamaşada “Mədinə xala”nı sevə-sevə oynadım. Bu yaxınlarda “Əsgər papağı” tamaşasını təhvil verdik və premyerası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutdu.

Bundan başqa “Əbədiyyətə qovuşan aktyor” tamaşasında rol almışam. Sözügedən tamaşada “Yeva”nı canlandırıram. İki nəfərlik bir pyesdir. Bu tamaşa sırf kiçik səhnə üçün hazırlanıb. Tamaşanın məşqlərinə həmkarlarım və rejissorlar baxıblar. Çox bəyəniblər. Ümid edirəm ki, bu tamaşa mənə uğur gətirəcək.
Onu da qeyd edim ki, tamaşaları hazırlayanda çox narahat oluruq ki, hansı teatr səhnəsində təhvil verəcəyik. Çünki Şuşa Dövlət Musiqili Dram Teatrının hələ binası yoxdur. Binamız hazırda tikilir. Söz veriblər ki, sentyabr ayında Şuşa Dövlət Musiqili Dram Teatrı aktyor və aktrisaların ixtiyarına veriləcək. Bunun üçün də hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində oynayıram. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarına fürsət yaratdığı üçün Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətova təşəkkür edirəm.

- Oynadığınız tamaşalara daha çox istərdiniz kimlər baxsın?
- Hər zaman istəmişəm ki, rol aldığım tamaşalar geniş kütlə tərəfindən baxılsın. Tamaşalarıma daha çox teatr ictimaiyyətinin, rejisorların baxması mənə çox maraqlıdır.
- Sizcə, ictimaiyyətin teatra marağı varmı?
- Mən oynadığım tamaşalar hər zaman böyük kütlə tərəfindən baxılıb və sevilib. Hətta elə tamaşalar olub ki, insanlar ayaqüstə məni alqışlayıblar.

- Arzusunda olduğunuz tamaşa varmı ki, orada rol alasınız?
- Əlbəttə bir çox tamaşalar var ki, orada özümü görürəm. Klassiklərimizin, Şeksprin əsərlərində rol almaq istərdim.

- Akademik Milli Dram Teatrının aktrisası olaraq fəaliyyət göstərmək istərdinizmi?
- İllər öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrından rejisorlar gəldi və 5-6 nəfər seçdi. Mən də həmin tələbələrin içərisində idim. Bir müddətdən sonra Akademik Milli Dram Teatrında işləməyim üçün təklif gəldi. Lakin həmin dəvəti dəyərləndirmədim. “Yox” cavabı verdim bu da həyatımın ən böyük səhvi oldu. Buna görə çox peşmanam.

- Bir çox teatrlarda problemlər yaşanır. Belə bir hal Şuşa Dövlət Musiqili Dram Teatrında varmı?
- Şükürlər olsun ki, bizim teatrda qalmaqallar yoxdur. Hər kəs öz işi ilə məşğuldur.
- Hazırda bildiyiniz kimi, Azərbaycanda kifayət qədər seriallar çəkilir. Siz də seriallara dəvətlər alırsınızmı?

- Keçən il 2 seriala çəkildim. Belə ki, “Cehizsiz gəlinlər” və “Umid yeri” serialında oynadım. Lakin seriallarda müəyyən məqamlar mənə xoş olmadı. Ona görə artıq seriallarda çəkilmirəm.
- Bəzən aktyor və aktrisalar teatr səhnəsi ilə serialı səhv salırlar. Bu fikirlə razısınızmı?
- Bəli, bu fikirlə tamamilə razıyam. Teatr sahəsi serialdan fərqlidir. Bir məqamı da nəzərinizə çatdırım ki, seriallarda həmkarlarımın yaxşı oynaması rejissorlardan da asılıdır. Xüsusi ilə onu da qeyd edim ki, Azərbaycan kinosu da günü-gündən inkişaf edir.

- Hazırda çəkilən bir çox seriallarda çəkilən aktyor və aktirisalar olduqca gəncdir. Onların mədəniyyət və incəsənət aiəmindən xəbərləri yoxdur. Sizcə onların hansı serial və ya kinolarda çəkilməyi düzgündürmü?
- Mən də istərdim ki, seriallarımız peşəkarcasına çəkilsin. Tamaşaçılarımız türk və rus seriallarına baxmaqdansa, öz ekran işlərimizi izləsinlər. Onu da qeyd edim ki, aktyor və aktrisalar mədəniyyət ailəminə ilk addımlarını atanda bəzən uğursuz olur. Lakin illər sonra peşəkarlaşırlar. Mədəniyyət ailəmindən xəbəri olmayanlar aktyor və aktrisaların sənətini dəyərdən salırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB