AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Nadir kitab fondunda mühafizə olunan Markalar kolleksiyasının təqdimatını keçirib. SİA-nın məlumatına görə, MEK direktoru Leyla İmanova markaların ölkənin tarixi, mədəniyyəti, təbiəti, unikal məlumatları əks etdirmək baxımından informasiya dəyərindən danışıb.
L.İmanova həm ənənəvi, həm də elektron şəkildə hazırlanmış markalar kolleksiyasının Azərbaycanın Milli Rəqəmsal Yaddaş bazasının geoloji, tarixi, mədəni və başqa xarakterli məlumatlarla yanaşı dövrün dəyər verdiyi informasiya laylarından biri olduğunu diqqətə çatdırıb.
Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova Markalar kolleksiyasını təqdim edib. Bildirib ki, hal-hazırda kitabxana fondlarında mühafizə olunan 1320 ədəd markadan 227 ədədi çap, 1123 ədədi isə elektron formatdadır.
Azərbaycana aid markalardan 35 ədədi xaricdə nəşr edilib. Onların sırasında Amerikada Qarabağ fondunun dəstəyi ilə Qarabağın tarixi abidələrinə, görkəmli şəxsiyyətlərinə, eləcə də İsveçrə, Almaniya, Hollandiya, Belçikada Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr edilmiş markalar xüsusi yer tutur.
Azərbaycanla dostluq münasibətləri mövzusunda Macarıstan, Ukrayna, Belarusiya, Misir, Brazilya, Rusiya, Tacikistan, Qazaxıstan və digər ölkələrdə markalar çap olunub. Azərbaycanda nəşr olunan ilk markanın 1919-cu ilə aid olduğunu bildirən kolleksiyada ölkəmizin Azərbaycan Xalq Cümhuriyyəti, Sovetlər və müstəqillik
dövrünə həsr olunmuş fərqli mövzular yer alıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva Azərbaycanda və xaricdə hər il müxtəlif tematikalı markaların istehsal olunduğunu və dövriyyəyə buraxıldığını qeyd edib.
Yüksək səviyyədə tərtib edilən Markalar kolleksiyasına və gözəl təqdimata görətəşəkürünü bildirən şirkət rəhbəri “Azərmarka”nın MEK-lə markalar mübadiləsini daim davam etdirəcəyini bildirib.
“Azərmarka” şirkətinin dizayner rəssamı Nəriman Məmmədzadə, “Azərmarka” şirkətinin redaktoru Ülviyyə Qarayeva ölkənin siması adlandırdıqları markaların sənəd kimi əhəmiyyətindən danışıblar. Markaların hazırlanmasında mövzu seçiminin xüsusi önəm kəsb etdiyini vurğulayan şirkət əməkdaşları qarşıda
planlaşdırılan işlər barədə məlumat verib, daha geniş auditoriyada təbliğ üçün sərgilərin məktəblər daxil olmaqla bir çox müəssisədə təşkil ediləcəyini bildiriblər.
Tədbirin sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkətinin direktoru Leyla Güləliyeva şirkət adından MEK-ə ölkəmizin təbiətini, mədəni və elmi həyatının bütün sahələrini özündə əks etdirən, 2017-ci il nəşri olan “Azərbaycan” adlı tematik markalar albom-kitabını hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB