“Heydər Əliyev. Biblioqrafiya” kitabının təqdimatı olub

“Heydər Əliyev. Biblioqrafiya” kitabının təqdimatı olub

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən nəşr olunmuş biblioqrafiyanın təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

SİA-nın məlumatına görə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edildiyini bildirib. O deyib ki, müasir, müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Liderin yubiley tədbirlərinə Milli Kitabxana da əliboş qatılmayıb. Belə ki, hazırlanan “Heydər Əliyev. Biblioqrafiya” kitabı Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından çox dəyərli mənbədir.

Bildirilib ki, Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim etdiyi növbəti fundamental biblioqrafiyada Ulu Öndərin öz əsərləri və onun haqqında yazılmış materiallar yer alıb. “Xalqımızın böyük oğlu Heydər Əliyevin titanik fəaliyyətinin çox geniş əhatəli olduğu nəzərə alınaraq bu göstəricidə yalnız Ümummilli Liderin kitab halında çap olunan əsərləri, kitablarda, elmi məcmuələrdə və elmi jurnallarda dərc olunan materiallar öz əksini tapıb. Biblioqrafiya elmi-tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub”, - deyə Milli Kitabxananın direktoru vurğulayıb.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev haqqında bu ilk fundamental biblioqrafiya görkəmli ictimai-siyasi xadimin 1969-2018-ci illərdə Azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə nəşr olunmuş kitabları, elmi konqres, sessiya, konfrans materiallarında və elmi məcmuələrdə dərc edilmiş elmi-siyasi məqalələri, çıxışları və Ulu Öndər haqqında yazılmış materialları əhatə edir. Biblioqrafik göstəricidə ədəbiyyat iki əsas bölmədə: “Əsərlərinin biblioqrafiyası” və “Haqqında materiallar” bölmələrində toplanmış, hər bölmədə mövzuya uyğun yarımbölmələr verilmişdir.

Bildirilib ki, biblioqrafiyanın layihə rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, elmi redaktoru Kərim Tahirovdur.

Sonra tədbir iştirakçıları Ulu Öndərin həyat yolundan və siyasi fəaliyyətindən bəhs edən filmə baxıblar.

Tədbirdə çıxış edən digər natiqlər biblioqrafiyanın hazırlanmasına əməyi olanlara minnətdarlıqlarını bildirərək kitabın çapını yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə