Azərbaycan Turizm və Menecment Universitetində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, ATMU-nun Tədris işləri üzrə prorektoru İranə Əliyeva ali təhsil müəssisəsində təşkil olunan növbəti tədbirin məhz Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük məhəbbət və ehtiramdan qaynaqlandığını deyib. Bir dəqiqəlik sükut elan edib.
Universitetin Elm və İnkişaf məsələləri üzrə prorektoru Anar Eminov detallı məruzəsində diqqətə çatdırıb ki, tariximizin ən böyük simalarının ön cərgəsində dayanmaq haqqı qazanmış Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin təşəbbüsçüsü və şəriksiz müəllifidir. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə təsdiqləyib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz qurtuluş günündən başlanır. Çünki ulu öndərimizin dediyi kimi, “Tarix dəfələrlə sübut edib ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.
A.Eminov qeyd edib ki, zəngin təcrübəli və yeni təfəkkürlü siyasətçi Heydər Əliyevin demokratiya epoxasında müstəqil dövlətimizə rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində davamlı proses başlandı, ölkədə bütün sahələr üzrə köklü islahatlar aparılıb.
1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bunun çox böyük iqtisadi dəyəri ilə yanaşı, siyasi əhəmiyyəti ondan ibarət idi ki, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrilib.
Qədim İpək yolunun bərpası ideyasını qaldırmaq və onun həyata keçirilməsi işini təşkil etmək isə Heydər Əliyev şəxsiyyətinin regional yox, dünyəvi xarakter daşıdığını sübut edib.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi haqqında müqavilələri bağlamaqla Heydər Əliyev təkcə Azərbaycanın yox, Gürcüstan və Türkiyənin də iqtisadi inkişafına zəmin yaratdı, üstəlik, hərbi təhlükəsizliyi təmin edib. Ümummilli Liderin təxəyyülünün qlobal siyasətə bu uzaqgörən təsiri bütün Qafqaza aid dünya siyasətinin dəyişməsinə səbəb olub. Böyük dövlətçilik təcrübəsinə malik olan Ümummilli Lider Heydər Əliyev Şərq və Qərbin qovşağında yerləşən ölkəmizdə hər iki sivilizasiyanın konseptual parametrlərini özündə birləşdirən universal, modern bir dövlət yaradıb. Məhz Ulu öndərin yaratdığı sabitlik və həyat verdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirdi. Bu strateji xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 15 ildir ki, uğurla davam etdirilir. A.Eminov “xalqın və dövlətin gələcəyini məhz yüksək ixtisaslı, peşəkar, vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə gənci təhsil almaq üçün xaricə göndərmişdi”-deyib. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən 100-lərlə gənc dünyanın nüfuzlu universitetlərində təhsil alıb. Fəxrlə deyə bilərəm ki, Dövlət Proqramından bəhrələnənlərdən biri ATMU-nun dekanı Rəhman Səfərov və birdə mənəm. Bu şansı qazandığıma görə xoşbəxtəm.
Ulu Öndər Heydər Əliyevin 95 illiyi münasibətilə təşkil olunan tədbirdə ATMU tələbələrinin təqdimat-məruzələri professor-müəllim, tələbə və inzibati heyət üzvləri tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB