Fuad Poladov: “Hər bir insan xalq artisti ola bilər, ancaq professional aktyor ola bilməz”- MÜSAHİBƏ

Fuad Poladov: “Hər bir insan xalq artisti ola bilər, ancaq professional aktyor ola bilməz”- MÜSAHİBƏ
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, xalq artisti Fuad Poladovun SİA-ya müsahibəsi:

- Akademik Milli Dram Teatrında aparılacaq olan islahatlara münasibətiniz necədir?

- Akademik Milli Dram Teatrında aparılan islahatlar yeni bir başlanğıcın təzahürü olmalıdır. Artıq geriyə yol yoxdur. Mənə elə gəlir ki, teatr sənətində aparılan yeni islahatlar Azərbaycan teatrında bir dönüş yaradacaq.

- Bəzi aktyorlar deyirlər ki, professionalların müsabiqəyə ehtiyacı yoxdur, bu fikirlə razısınızmı?

- İslahatlar və onların nəticəsi hər zaman ağrılı olur. Tamaşaçı deyə bilər ki, kim professional, kim yox. Hər bir insan xalq artisti ola bilər, ancaq professional aktyor ola bilməz. Bizdə təəssüflər olsun ki, belə hadisələr olur. Ancaq islahatlar hər zaman ağrılı olub və ağrılı da olacaq. Bütün bu olanlara dözmək lazımdır. Hesab edirəm ki, teatr sahəsində baş verən bu yenilik ancaq yaxşılığa doğrudur. Nəhayət, uzun illərdən sonra Akademik Milli Dram Teatrına elə rəhbər təyin olunub ki, bu insan həm sənət adamıdır, həm də teatrdan anlayışı olan birisidir. Əgər Azərbaycan teatrı bu şansdan istifadə edə bilməsə, gələcəkdə bizim nəsil karifeylərin qarşısında gözü kölgəli olacaq. Onlar bizdən soruşanda ki, bəs siz neyniyirdiniz, bax o zaman rahatlıqla cavab verə bilək ki, bizim teatr sahəmiz lazımlı şəkildə inkişaf etdirilib. Bugünki islahatlar mənə ümid verir ki, hər şey yaxşı olmalıdır.

- Bəzi yerli mətbuatlar yazdı ki, siz yenidən Akademik Milli Dram Teatrına qayıdırsınız, bu nə dərəcədə düzgündür?

- Mən heç vaxt Akademik Milli Dram Teatrından getməmişdim ki, indi də geri qayıdım. Mən hər zaman fikrimlə, qəlbimlə bu teatrla olmuşam. Hər vaxt bu teatrın kədərinə üzülüb, sevincinə sevinmişəm. (P. S. -Fuad Poladov "Azdrama"nın səhnəsində son dəfə 2002-ci ildə Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb). Təbii ki, teatrda dəyərli əsərlər və rejissorlar olanda hər zaman təklifləri qiymətləndirirəm.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Bu sezonda teatrda 2 yeni tamaşa V. Şekspirin "Afinalı timon" və Lev Tolstoyun "Hacı Murad" əsəri oynanılacaq. Mənim son işim yayda Teatr Xadimləri İttifaqının səhnəsində oynanılan "Növbəti" tamaşası olub. Bu ayın sonlarında isə bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Lev Tolstoyun "Hacı Murad" əsərini oynayacağıq. Azər Paşa Nemətovun layihəsi əsasında yeni tamaşanın məşqlərinə başlanacaq. Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdiriləcək "Hacı Murad" əsərində əsas obrazı mən yaradacam. Tamaşa yenicə təmirdən çıxan Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq. Bu, Azər Paşa Nemətovun layihəsidir. Tamaşaya təbii ki, özü quruluş verəcək. Məni də Hacı Murad roluna o dəvət edib. Ancaq hələ rol bölgüsü olmadığından tamaşada başqa hansı aktyorların oynayacağı məlum deyil. Bu məsələ layihə rəhbəri və tərcüməçi arasında gedən danışıqlardan sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə