Ümummilli Liderin 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı Həmkarlar təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider” adlı xatirə tədbiri təşkil olunub. SİA-nın məlumatına görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə çıxış edib. Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin çiçəklənməsindən danışıb. Həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən Muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd edib.
Daha sonra “Dahi şəxsiyyət” filmi nümayiş etdirilib. Nümayişdən sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edib. O, Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsində gördüyü fəaliyyətdən bəhs edib. Ulu Öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev də Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına çevrilməsindəki fəaliyyəti haqqında geniş danışıb.
AMEA Azad Həmkarlar İttifaqının sədri, prof. Habil Qurbanov çıxış edərək, Azərbaycanda ictimai-siyasi stabilliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında Ulu Öndərin böyük rolunu qeyd edib. Heydər Əliyev irsinin daha çox öyrənilməsi gərəkdiyini bildirib.
Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev də çıxış edərək, Azərbaycanda 1992-1993-cü illərdə separatçılığa qarşı mübarizədə və dövlətçiliyin güclənməsində Heydər Əliyevin misilsiz xidmətini vurğulayıb. Müasir dövlətçiliyin məhz Ümummilli Liderin fəaliyyətinin nəticəsi olduğunu bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB