Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ulu Öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib. SİA-nın məlumatına görə, BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək Ümummilli Liderin keçdiyi həyat yolundan danışıb.
Rektor Ulu Öndərin musiqi incəsənəti sahəsində tarixi əhəmiyyətli qərarlarından, eləcə də onun gənclər siyasəti haqqında atdığı uğurlu addımlardan bəhs edib. Eyni zamanda, Heydər Əliyevin Azərbaycan musiqiçilərinə verdiyi dəyərdən danışıb.
Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar edib. O, özünün ardıcıl və məqsədyönlü, yorulmaq bilmədən göstərdiyi dövlətçilik və siyasi fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu olmaqla bərabər, həm də XX əsrin dünya siyasətinə silinməz izlərini həkk edən tarixi şəxsiyyətdir.
F.Bədəlbəyli dünya şöhrətli siyasi xadimin idarəetmə bacarığı, prinsipial mövqeyi, dərin zəkası və peşəkarlığı ilə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan söz açıb. O, müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixində qızıl hərflərlə yazılmış mühüm mərhələ kimi qiymətləndirib.
Sonra filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi”, BMA-nın böyük elmi işçisi, dosent Ariz Abduləliyevin “Azərbaycan musiqi incəsənətinin inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, Xalq Artisti Xuraman Qasımovanın “Mənim Heydər Əliyev və onun ailəsi ilə bağlı xatirələrim” adlı məruzələri dinlənilib. Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında, həmçinin onun mədəniyyət və incəsənət xadimləri ilə görüşünü əks etdirən sənədli filmlər izlənilib.
Tədbir akademiyanın tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB