Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi start götürür

Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək Yolu” mərhələsi start götürür
Noyabrın 12-də Bakıda Çexov adına Beynəlxalq Teatr Festivalının "İpək Yolu" mərhələsi start götürür. Teatr Xadimləri İttifaqından verilən məlumata görə, festival çərçivəsində Fransa, Kanada və Belarus teatr kollektivləri Bakı səhnəsində çıxış edəcək.

Noyabrın 30-dək davam edəcək festival Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və "Procent" şirkəti, həmçinin Beynəlxalq Teatr İttifaqları Konfederasiyası tərəfindən təşkil olunub.

Proqrama əsasən noyabrın 12, 13, 14-də Rus Dram Teatrının səhnəsində "Aureliyanın oratoriyası" tamaşası nümayiş olunacaq. Tamaşanın rejissoru Çarli Çaplinin qızı Viktoriya Çaplindir. Baş rolda isə Çarli Çaplinin nəvəsi Aureliya Çaplin iştirak edir.

Moskvalı rejissor Vladimir Pankovun Yanka Kupala adına Belarus Akademik Dram Teatrının bazasında səhnələşdirdiyi Çexovun "Toy" tamaşası noyabrın 20, 21, və 22-də Gənc Tamaşaçılar Teatrında göstəriləcək.

Festivalın son tamaşası isə Kanadanın tanınmış Eluaz sirkinin "Yağış" tamaşasıdır. "Yağış" noyabrın 25, 26, 27, 28, 29 və 30-da Rus Dram Teatrında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə