Beynəlxalq Teatr Konfransının ilk tədbiri keçirilib

Beynəlxalq Teatr Konfransının ilk tədbiri keçirilib
Bu gün müasir dövrün teatr problemlərinə həsr olunan Beynəlxalq Teatr Konfransının ilk tədbiri keçirilib. SİA-nın məlumatına görə, konfransın proqramına uyğun olaraq iştirakçılar müxtəlif teatr kollektivlərinin hazırladığı tamaşaları izləyiblər.

Belə ki, qonaqlar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında M.Zadornovun "Ər almaq istəyirəm", Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin "Otello" və Dövlət Pantomim Teatrında N.Qəribovanın "Adsız" tamaşasını maraqla tamaşa ediblər.

Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssislərinin, rejissor və dramaturqlarının, kulturoloqları iştirak edəcəklər. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var.

Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin keçirilməsi planlaşdırılır.

Müasir dövrün teatr problemlərinin müzakirə olunacağı konfransın açılış mərasimi noyabrın 9-da olacaq. Tədbir noyabrın 12-də başa çatacaq. Qeyd edək ki, beynəlxalq elmi-praktik teatr konfransı Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə