"Hünər"in Məmməd Kazımı, yaxud Məmməd Kazımın hünəri (Xatirə yazı)

"Hünər"in Məmməd Kazımı, yaxud Məmməd Kazımın hünəri (Xatirə yazı)

Ötən əsrin 70-ci illərinin əvvəlləri idi. Azərbaycan Dövlət Televiziyasında bir maraqlı veriliş milyonlarla tamaşaçının qəlbinə yol tapdı; "Hünər" hərbi-vətənpərvərlik verilişi. Bu veriliş axtarış, tədqiqat xarakterliydi.

“Hünər” İkinci Dünya və Böyük Vətən Müharibəsində həlak olan, itgin düşən övladlarını, ərlərini, qardaş və bacılarını axtaran insanların intizarına son qoyur, onlardan soraq verir, eyni zamanda onların qəhrəmanlıqlarından, sücaətindən söhbət açırdı. "Hünər"çilər o zaman SSRİ-nin müxtəlif bölgələrində və Avropa Sosialist ölkələrində yerləşən arxivlərlə, hərbi komissarlıqlarla əlaqə saxlayır, çəkilişlər aparır, Azərbaycanın oğul və qızlarının qəhrəmanlıqlarını işıqlandırmaq üçün vaxtilə mühaharibə olmuş bölgələrdə ezamiyyətdə olurdular.

"Hünər" müharibədən sonra ayrı düşmüş müxtəlif millətlərdən olan döyüş dostlarını da bir-birinə qovuşdurur, eyni zamanda görkəmli hərbi xadimlərdən tutmuş, hərbi məktəblərdə oxuyan kursantlara, nümunəvi sıravi əsgərə kimi vətən sevgisi ilə yaşayan insanları mavi ekrana çıxarır, gəncləri onlardan örnək götürməyə səsəlyirdi. "Hünər"in təmsil olunduğu televiziyanın hərbi-vətənpərvərlik redaksiyasına məktub axını bitib-tükənmirdi. Redaksiyaya maraqlı şair, yazıçı, journalist Məmməd Kazım rəhbərlik edirdi. O, həm də bu redaksiyanın yaradıcısı idi. "Hünər" mənim gözlərim qarşısında yaranmışdı. Ona gedən yol isə Abşeronun Xırdalan kəndindən (indiki Xırdalan şəhərindən) başlamışdı.

O, zaman yenicə yaranmış rayonun mərkəzinə çevrilmiş Xırdalan təxminən 400 fərdi evdən və bir də Razqrad adlı məhəllədəki 4 mərtəbəli 5-6 binadan ibarət idi. Kənddə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş bir çox ziyalı toplanmışdı. Səbəb isə onların qarşısındakı bir maneyə idi. Belə ki, o zaman Bakıda pasport qeydiyyatına durmaq müşkül idi. Parodoks orasında idi ki, Qaradağdan tutmuş Bilgah, Mərdəkana qədər Bakı ərazisi sayılırdı. Bakının on kilometrliyində yerləşən Xırdalana isə kənd rayonunun mərkəzi statsusunu vermişdilər. Buna görə də Bakıya can atan, paytaxtın ədəbi-mədəni həyatına qovuşmaq istəyən ziyalılar Xırdalanda qərar tutmuşdular. O, zaman Ramiz Məmmədzadə, Firudin Rəsulov, Dilarə Vəkilova, Əjdər Fərzəli, Faiq Dərgahov, Namiq Abbasov, Şahid Abdulkərimov, Natiq Səfiyev Xırdalanda yaşayır, işləyirdilər.

Toplantı yerimiz "Abşeron" qəzeti və Xırdalandakı mədəniyyət evi idi.

Məmməd Kazımla da "«Abşeron"» qəzetində tanış olmuş, dostlaşmışdıq. O, məni Bakıdakı qələm dostları ilə, mən isə onu kəndin sakinləri ilə tanış edirdim. O, "xırdalanlılaaşır", mən isə ədəbi mühitlə qaynayıb qarışırdım. Onun Bakıda dostları çox idi. Amma iki adamla daha çox dostluq edirdi; Məmməd Araz (İbrahim) və Məmməd İsmayılla. Üç Məmmədin dostluğu qibtə ediləcək dostluq idi. İndiyə kimi yadımdadır nə münasibətləsə Məmməd Araz, Məmməd İsmayılla yanaşı Yasif Nəsirli və digər qələm sahibləri ilə birlikdə Xırdalanda Məmməd Kazımgilə yığışmışdıq.

60-cı illərin sonları idi. Məmməd Kazım "Abşeron" qəzetində şöbə müdiri işləyirdi. Ölkə İkinci Dünya Müharibəsində qələbənin 25 illiyinə hazırlaşırdı. Onda Məmməd Kazım müharibədə həlak olan Xırdalanlılar haqqında oçerklər yazmaq qərarına gəldi. Kiçik bir kənddə elə bir ailə yox idi ki, müharibədə itgi verməsin. Hətta elə ailələr vardı ki, iki övladı həlak olumşdu.

O, xırdalanlıları hələ tanımadığından mənimlə ev-ev gəzir, materiallar toplayırdı. Həmin oçerklərdən birini, müharibənin ilk illərində Qırmızı ulduz ordeni ilə təltif olunmuş Cavad Cavadov haqqında oçerki mən yazası oldum. Bu oçerklər «Abşeron» qəzetində çıxdıqca o, kənd camaatına doğmalaşırdı. Elə əslən xırdalanlı olan Xalq şairi Nəbi Xəzri də onu həm bu işinə, həm də şeirlərinə görə sevirdi. Çox keçmədi ki, Nəbi Xəzrinin tabeleyində olan Azərbaycan Televiziyasının gənclər redaksiyasına işə keçdi Məmməd Kazım. Amma Xırdalanda başladığı işi də davam etdirdi. Televiziyada hərbi-vətənpərvərlik mövzulu verilişlər hazırladı. Bununla da kifayətlənmədi. Ayrıca hərbi-vətənpərvərlik redaksiyası açdırmaq qərarına gəldi. Bu isə asan məsələ deyildi.

Mərkəzi Komitəyə, Hərbi Komissarlığa yazılan ərizələr, qəbullara getmək, Sovet İttifaqı Qəhrəmanları, tanınmış hərbiçilərlə görüşmək… Müharibə iştirakçıları adından əlaqədar təşkilatlatlara məktublar təşkil etmək lazım olurdu. Məmmədin rəhbərliyin başı üzərindən belə hərəkətləri çox zaman birmənalı qarşılanmırdı. Amma o, inadından əl çəkmirdi. Nəhayət ki, Məmməd Kazımın hünəri sayəsində hərbi-vətənpərvərlik redaksiyası açdı. Məmməd Kazım hazırladığı verilişlərə Ramiz Duyğunu da, Şəmistan Nəzirlini də, Oqtay Rzanı da, məni də cəlb edirdi.

Məmməd Kazım dostlarına həmişə sədaqətli idi. Məmməd İsmayılın toyu Tovuzda oldu. Onun doğulduğu kəndə getmək üçün xüsusi bir avtobus tutulmuşdu. Abbas Abdulla, Tofiq Abdin, Sabir Rüstəmxanlı və başqa bir qrup ziyalı Əsrik-Cırdıxana yolu düşdü. Məmməd İsmayıl da bu təşkilatı işi məhz Məmməd Kazıma həvalə etmişdi.

Verilişlərlə yanaşı o, ədəbi yaradıcılığını da unutmurdu. Bir-birindən maraqlı şeirlər yazırdı. O, ailəsinə çox bağlı insan idi. Ailəsinin böyüklüyünə, qayğılarının günbəgün artmasına baxmayaraq Məmməd Kazım yaradıcılığından da qalmırdı. Onun “Qönçə” adlı ilk şerlər kitabı 1966-cı ildə işıq üzü görmüşdü. Çöx keçmədi ki, onun ikinci şerlər kitabı- “Zirvəyə yol axtarıram” işiq üzü gördü. Onda mən institutun V kursunda oxuyurdum. Həmin kitab haqqında resenziya yazdım. Yazı “Ulduz” jurnalında nəşr olundu. Daha sonra onun “Xəzər laylası”, “Leytenant Kərimov və dostları”, “Xatın zəngləri”, “Xəzər laylası”, “Salam general” və sairə kitabları ışıq üzü gördü.

Ötən əsrin 70-ci illərinin sonunda Məmməd Kazım istər bir şair, istərsə də jurnalist kimi diqqət mərkəzində idi. Onun bədii yaradıcılığı haqqında məqalələr, resenziyalar yazılır, onunla görüşlər keçirilirdi. O, jurnalistika sahəsindəki fəaliyyətinə və publisist yazılarına görə o zaman Respublika səviyyəsində jurnalistlərə verilən ən böyük mükafat olan “Qızıl qələm” mükafatına layiq görüldü.

Məmməd Kazım öz el-obasına, dünyaya göz açdığı Masallı rayonunun Tatyan kəndinə ürəkdən bağlı idi. Onun yaradıcılığında bu kəndin təbiəti, xüsusən də Viləş çayı öz əksini tapıb. Doğma kəndinin mənzərəsi, təbiəti onun qəlbində, ürəyində idi. Məhz buna görə də Məmməd Kazım təqaüdə çıxandan sonra doğma kəndində yaşamaq qərarına gəldi. Eyni zamanda “Qaya” adlı ədəbiyyat qəzeti çıxartdı. Həmin qəzet respublika əhəmiyyətli idi. Azərbaycan ədəbiyyatını təbliğ edirdi. Bu illərdə onun “General Həzi”, “Qarabağım-qara bayrağım”, “Sahildə ucalan palıd” və sairə kitabları da işıq üzü gördü.

…İndi Xırdalan qəbristanlığında kənd sakinlərinin əzizlədiyi məzarlar içində bir məzar da var. Məmməd Kazımın uyuduğu məzar. Adətən «gəlmələr» belə hallarda yerli saiknlərdən halallıq istəyirlər. Amma, indi iş tərsinə olub. Yerli sakinlər müharibədə həlak olan 49 nəfəri unudulmağa qoymamağa, əbədiyyətə qovuşdurduğuna görə çəkdiyi böyük zəhmətə görə öz doğmaları Məmməd Kazımdan halallıq istəyirlər. Yerin cənnət olsun əziz qardaşım Məmməd Kazım.

Atababa İSMAYILOĞLU,

Əməkdar Mədəniyyət İşçisi

Bütün xəbərlər Facebook səhifəmizdə