“Arşın mal alan”nın qəhrəmanlarını marionet kuklalar canlandıracaq
8-16 noyabr tarixlərində "İbrus" Teatrının səhnəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi ilə "Tərlan Qorçu Marionet Teatrı" tərəfindən Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında hazırlanmış "Arşın mal alan" tamaşası göstəriləcəkdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, bu dəfə 97 yaşlı "Arşın mal alan" komediyasının qəhrəmanlarını marionet kuklalar canlandıracaqdır.
Əsər tamaşaçıları tamamilə fərqli tərzdə bir müddətlik XX əsrin əvvəllərinin köhnə Bakısına qaytaracaq, dövrün ab-havasını hiss etdirəcəkdir. Tam həcmdə təqdim ediləcək tamaşaya daxil olan ariyalar Xuraman Qasımova (Gülçöhrə), İlqar Muradov(Əsgər) kimi məşhur müğənnilər tərəfindən səsləndirilib.
İçəri Şəhərin simalarının da yer aldığı bu maraqlı tamaşa həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Azərbaycanda ilk marionet teatrının təsisçisi olan Tərlan Qorçunun rəhbərlik etdiyi kollektiv "Arşın mal alan" tamaşası ilə Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya və İsveçrə kimi ölkələrdə qastrol səfərlərində olmuşdur. Bu klassik əsər əcnəbi tamaşaçıların xüsusi marağına səbəb olmuş və böyük rəğbətlə qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB