Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisi keçiriləcək - FOTO

Azərbaycan rəssamlarının “X nöqtəsi...” adlı sərgisi keçiriləcək - FOTO
Noyabrın 8-dən 14-dək Muzey Mərkəzində Azərbaycan rəssamlarının "X nöqtəsi..." adlı sərgisi keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib.

Sərgidə Anar Hüseynzadə, Adil Yusif, Leyla Nəsibova, Zərnişan Alqayeva, Ramina Saadatxan, Rəşad Babayev, Fərhad Yalquzaq, Elmir Hüseynov, Bütünay Haqverdiyev, Mahmud Rüstəmov, Məmməd Rəşidov, Hüseyn Bağırov, Nazim Şah və Gündüz Ağayevin əsərləri nümayiş etdiriləcək.

Adları qeyd edilən rəssamlar yaradıcılıqlarında yeniliklər etməyə, daha böyük uğurlara nail olmağa çalışırlar. Konsepsiyaya görə sənətin uca zirvəsi bu rəssamlar üçün hələ tam şəkildə aydın deyil. Onlar yaradıcılıq axtarışındadırlar. Daim öz üzərilərində işləyərək irəliyə gedirlər. Lakin onların çatmaq, dayanıb-durmaq istədikləri nöqtə hələlik məchuldur. Buna görə də sərgi "X nöqtəsi..." adlandırılır. Bu ad Anar Hüseynzadənin eyni adlı əsərindən götürülməklə əsasən abstrakt üslubda işlənmiş əsərlərdən ibarət sərginin ümumi mahiyyətini konseptual baxımdan açıqlayır.

Qeyd edək ki, bu sərgi artıq gənclik dövrünü başa vuraraq sənət yollarında müstəqil surətdə uğurla addımlayan bir qrup perspektivli rəssamın yaradıcılığına dəstək verilməsi, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə