Yunus Oğuzun “Ovçu” adlı tarixi romanının təqdimat mərasimi keçirilib

Yunus Oğuzun “Ovçu” adlı tarixi romanının təqdimat mərasimi keçirilib

Bu gün “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi, tarixçi, publisist Yunus Oğuzun “Ovçu” adlı tarixi romanının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Siyasi Şurasının üzvü, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin disporla iş üzrə sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi, tarixçi, publisist Yunus Oğuz, millət vəkilləri Qənirə Paşayeva və Nizami Cəfərov və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə millət vəkili Nizami Cəfərov açıb: “Bildiyiniz kimi, Yunus Oğuz bu vaxtadək bir çox tarixi romanlarını yazaraq, təqdim edib. Bu gün də təqdimatını etdiyi “Ovçu” adlı tarixi romanı kitablarının ən yaxşısıdır. Onun tarixi kitablarının hamısında dəqiq faktlar var. Bu kitab 2016-cı ildə baş vermiş aprel döyüşlərinə həsr olunub. Xüsusi olaraq qeyd edim ki, Yunus Oğuz yazıçılıqdan əlavə peşəkar filosofdur. Bu kitabı ərsəyə gətirdiyinə görə ona təşəkkür edirik”.

Təqdimatda söz alan YAP Siyasi Şurasının üzvü, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin disporla iş üzrə sektor müdiri Qafar Əliyev 2016-cı ildə baş vermiş aprel döyüşlərindən danışıb: “2016-cı ildə baş vermiş aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Azərbaycan ordusu həmin döyüşlərdən sonra bir daha özünü bütün dünyaya sübut etdi ki, çox güclü dövlətdir. Aprel döyüşləri beynalxalq hadisə idi. Bu hadisəyə Avropa ölkələrindən də reaksiya var idi. Bəzi dövlətlər Azərbaycanın, digərləri isə ermənilərin tərəfində idi. Bizə düşmən kəsilən dövlətlər ermənilərin haqlı olduğunu deyirdilər. Bundan başqa biz dövlət rəsmiləri 1992-ci ilin fevralın 26-da baş vermiş Xocalı soyqrımı haqqında Avropa ölkələrində danışanda elə fikirləşirlər ki, Ermənistan Azərbaycandan güclüdür. Çünki ermənilər Xocalıda əsl soyqrımı ediblər. “Ovçu” tarixi romanını ərsəyə gətirən Yunus Oğuza da təşəkkür edirəm. Belə vətənpərvər mövzularda kitabların çox olması təqdirəlayiq addımdır. Hətta istərdim ki, bu kitab başqa dillərə də tərcümə olunsun”.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov kitab haqqında fikirlərini bölüşüb: "Bu gün Yunus Oğuzun təqdim etdiyi “Ovçu” adlı tarixi romanda həqiqətlər əks olunub. Bu kitab 2016-cı ildə baş vermiş aprel döyüşlərindən bəhs edir. Həmin hadisələr milli şüurumuzu oyatdı. Vətəni daha da sevməyə başladıq. Bir çox ölkələrin Azərbayacan olan münasibətləri müsbətə doğru dəyişdi. Yunus Oğuza da vətənpərvər mövzuda kitab yazdığına görə təşəkkür edirəm. Ona uğurlar arzulayıram”.

Mərasimdə millət vəkili Qənirə Paşayeva tarixi əsərlərin gənclərin oxumasının vacib olduğunu diqqətə çatdırıb: “Bildiyiniz kimi, Yunus Oğuzun yaradıcılığı zəngindir. Amma o, daha çox tarixi romanalara üstünlük verir. Bunun üçün ona təşəkkür edirəm. Çünki indiki Azərbaycan gənclərinə tarixi romanları çatdırmaq çöx önəmlidir. Yunus Oğuzun qələmə aldığı “Ovçu” kimi tarixi romanlar çox yazılıb, ictimaiyyətə təqdim olunmalıdır. Gənclərimiz şəhidlərimiz kimi vətənpərvər ruhda böyüməlidirlər. Vətəni dildə yox, əməllərimizdə sevməliyik. Mən təklif edərdim ki, “Ovçu” kitabı məktəb və universitetlərə paylansın. Hətta bəzi telekanallarda lazımsız serialların yerinə bu kitabın ssenarisi hazırlansın və teleserial çəkilsin”.

Qeyd edək ki, tədbir çıxışlarla davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə