Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı keçirilib- FOTO

Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı keçirilib- FOTO
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin təntənəli açılışı keçirilib. SİA-nın məlumatına görə, açılışda ilk olaraq çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva xalqlarımız arasında dərin dostluq və qardaşlıq münasibətlərindən, ortaq mənəvi dəyərlərdən, ölkələrimiz arasında mədəni əməkdaşlığın uğurlu inkişafından söz açıb.

Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini iki ölkə arasında səmimi dostluğun bariz nümunəsi kimi dəyərləndirən F.Əliyeva tədbirin müvəffəqiyyət qazanacağına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına və mədəni əlaqələrimizin dərinləşməsinə kömək edəcəyinə əminliyini bildirib.

Nümayəndə heyətinin rəhbəri, Türkmənistan Milli Mədəniyyət Mərkəzinin baş direktoru Tuvakbibi Durdiyeva xalqlarımızın səmimi dostluğunun başqa xalqlar üçün nümunə olmasından, ölkələrimiz arasında ictimai-siyasi, mədəni əlaqələrin gündən-günə möhkəmlənməsindən danışıb. Ölkəmizdə Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini əlamətdar hal hesab edən T.Durdiyeva bu cür tədbirlərin tez-tez keçirilməsinin, iki ölkə arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nümayəndə heyətinin rəhbəri mədəniyyət günləri çərçivəsində keçiriləcək tədbirlər haqqında məlumat verərək onların azərbaycanlı tamaşaçılar tərəfindən bəyəniləcəyinə, Bakıda keçirilən bu tədbirin uzun illər yaddaşlardan silinməyəcəyinə əminliyini bildirib.

Sonda Türkmənistanın mədəniyyət və incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.

Qeyd edək ki, açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə