Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başlayıb

Noyabrın 3-dən Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri başlayır. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Məlumata görə, 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru xanım Tuvakbibi Durdıyeva rəhbərlik edir. Nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, "Dokmaçılar" rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir.

Məlumata görə, qonaqlar ilk olaraq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Mədəniyyət günlərinin rəsmi açılış mərasimi və konsert proqramı isə bu gün Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Proqrama əsasən, noyabrın 5-də Muzey Mərkəzində Türkmənistan rəssamları və dekorativ sənət ustalarının əsərlərindən ibarət sərgi açılacaq, Türkmənistan kinofilmləri göstəriləcək, Kukla Teatrında "Mollanepes" mono tamaşasının nümayişi olacaq. Noyabrın 6-da Muzey Mərkəzində Türkmənistan kinofilmlərinin nümayişi, Qaradağ rayonunda isə Türkmənistan Mədəniyyət Günlərinin bağlanışı və incəsənət ustalarının konserti keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə