“Qavaldaş” Respublika müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

“Qavaldaş” Respublika müsabiqəsinin yarımfinal mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərində ifa - uşaq və gənclərin Respublika festival-müsabiqəsi keçirilir.

Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, onların istedadlarının üzrə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, xalqımızın musiqi alətlərinin və mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi və bu sahədə gənc nəslin bilik və bacarıqlarının genişləndirilməsi və artırılmasından ibarət olub.

"Qavaldaş" zərb calğı alətlərinin müxtəlif növlərində ifa - uşaq və gənclərin Respublika festival-müsabiqəsinin yarımfinal və final mərhələlərində keçirilməsi planlaşdırılıb.

Yarımfinal mərhələsinin iştirakçıları 23 mart 2018-ci il tarixində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində “Qavaldaş” Respublika festival-müsabiqəsinin yarımfinalında münsiflərin qiymətləndirilməsindən keçib, daha sonra İçərişəhərdə Qoşa Qala Qapısı meydanında təşkil olunmuş Bahar Qalası adlı konsert proqramında iştirak ediblər.

Gənç ifaçılar həyatın hər bir anında, təbiətdə mövcud olan hər bir səsdə ritmin var olduğunu öz dinləyicilərinə bir daha nümayiş etdiriblər. Onların hər bir ifası paytaxt sakinləri və turistlər tərəfindən alqışlarla qarşılanıb. Əcnəbi tamaşaçılar Azərbaycanın milli musiqi alətlərinin ecazkar səsi ilə yaxından tanış olmaq fürsəti qazanıblar.

Bu mərhələdə Quba, Qəbələ, İsmayıllı, Şəki, Salyan, Masallı rayonlarını və Bakı şəhərini təmsil edən nağaraçalanlar qrupları cıxış edərək tamaşaçılara öz məharətlərini nümayiş etdiriblər. 3 yaş qrupunda 100 nəfərədək uşaq və gənclər solo və kollektiv ifaları ilə izləyicilərə milli zərb alətlərinin əsrarəngiz ritmlərini ustalıqla bəxş ediblər.

Yarımfinal mərhələnin münsiflər heyətində tanınmış nağara müəllimləri - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən Təhmasib Məmmədov, Azərbaycan Dövlət rəqs ansamblından Ceyhun Babayev, Bakı Xoreoqrafiya Akademiyasından Azər Məlikov və Fikrət Əmirov adına 6 saylı İncəsənət məktəbindən Cəfər Həsənov iştirak edib.

“Qavaldaş” Respublika festival-müsabiqəsinin final mərhələsi 20-25 iyun tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə