Qəbələyə rayonunun mədəni həyatı şahələnir FOTOLAR

Qəbələyə rayonunun mədəni həyatı şahələnir FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə “Pilot layihəsi” çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz rayonun mədəniyyət müəssisələrin tanıdılması, əhalinin maarifləndirilməsi, oxucu kontingentinin genişləndirilməsinə yönəlmiş silsilə tədbirlər təşkil etməyə davam edir.

SİA-nın məlumatına görə, layihə çərçivəsində “Gələcəyin üçün oxu” şüarı altında kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə Qəbələ rayonun Bum qəsəbə ümumi orta məktəbində görüş, Tikanlı kənd tam orta məktəbində “Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilib.

Təşkil olunmuş tədbirlərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayon Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, Qəbələ rayon MKS-nin direktoru Anar Rüstəmli, Bum qəsəbə ümumi orta məktəbin direktoru Məlahət Dadaşova, Tikanlı kənd tam orta məktəbinin direktoru Nurəhməd Məmmədcanov, Mərkəzin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bum qəsəbə ümumi orta məktəb və Tikanlı kənd tam orta məktəbində təşkil olunmuş tədbirlərdə şagirdləri həvəsləndirmək məqsədi ilə onlar arasında viktorina keçirilib. Tədbir çərçivəsində iştirakçılara və viktorina qaliblərinə sertifikat verilmiş, məktəblərə müxtəlif janrları əhatə edən kitablar və “Qarabağ silsiləsi” layihəsindən “Qarabağ mifləri” toplusu hədiyyə edilib.

Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında kitab oxuma dəbinin bərpa olunması zəruriliyini vurğulayıb.

Mərkəzin əməkdaşları Məzahir Qarayev, Nurəddin Babazadə, Elnarə Hacıyeva və Ceyhun Əhmədov Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında məlumat verib, kitabxanaların fəaliyyətini, mütaliəyə marağın artırılmasını, kitab oxuma mədəniyyətinin əhəmiyyətini vurğulayıb, Azərbaycan mədəni irsi, o cümlədən YUNESKO-nun mədəni irs siyahısına daxil olmuş maddi və qeyri-maddi mədəni irs nümunələri haqqında maraqlı və maarifləndirici məruzələrlə çıxış ediblər.

Hər iki tədbir iştirakçıları arasında kitab oxuma ənənələrinin bərpası, mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara marağın artırılması haqqında fikir mübadiləsi aparılıb. Daha sonra ibtidai sinif şagirdləri tərəfindən hazırlanmış ədəbi kompozisiya, mahnı və rəqs nömrələri təqdim olunub.

Qəbələ rayon kənd və qəsəbə məktəblərində təşkil olunmuş görüş və açıq dərsdə müəllimlər heyəti, yerli ictimaiyyət nümayəndələri və sakinlər Nazirliyin sözügedən layihəsini yüksək qiymətləndirib və uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət edən layihə olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə