Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılıb FOTOLAR

Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılıb FOTOLAR

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti oynanılıb. SİA-nın məlumatına görə, dahi Nizami Gəncəvinin poemasının motivləri əsasında yazılmış bu səhnə əsəri Azərbaycan balet sənətinin incilərindən sayılır və hər təqdimatında geniş tamaşaçı auditoriyası toplayır.

Bəstəkar Qara Qarayev “Yeddi gözəl” baletini Nizami Gəncəvinin 800 illik yubileyinə həsr edib. Dördpərdəli baletin librettosu İsmayıl Hidayətzadə, Yuri Slominsk və Sabit Rəhman tərəfindən yazılıb. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 1952-ci il noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Qara Qarayevin baleti Nizaminin ədəbi qaynağında olduğu kimi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır.

2008-ci ildə “Yeddi gözəl” baleti dahi bəstəkarın 90 illiyi münasibətilə tamamilə yeni quruluşda səhnəyə qoyulub. Tamaşanın quruluşunu beynəlmiləl yaradıcı heyət həyata keçirib. Libretto müəllifi Yana Temiz, quruluşçu baletmeyster – rusiyalı Vasili Medvedev, musiqi rəhbəri və dirijor – Türkiyədə çalışıb yaşayan həmyerlimiz Elşad Bağırov, quruluşçu rəssam Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjidir.

Tamaşada əsas partiyaları Azərbaycanın Əməkdar Artisti Nigar İbrahimova (Gözəllər gözəli), habelə Anar Mikayılov (Bəhram şah), Samirə Məmmədova (Hind gözəli), Elmira Süleymanova (Slavyan gözəli), Failya Bolqarova (Xarəzm gözəli), Leyla Nərimanidze (Çin gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Ayan Eyvazova (Məğrib gözəli) ifa ediblər.

Tamaşaya Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov dirijorluq edib.

Xatırladaq ki, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək Bakıda “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçirilir. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə