“Mahnılarda əbədiləşən ömür”

Oktyabrın 29-da Azərbaycanın görkəmli müğənnisi, xalq artisti, xalq mahnıları və muğamlarımızın mahir ifaçısı Şövkət Ələkbərovanın adını daşıyan mədəniyyət evində müğənninin anadan olmasının 88-ci ildönümü münasibətilə "Mahnılarda əbədiləşən ömür" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir görkəmli sənətkarın ifasında lentə alınmış "Dərələr" mahnısının səsləndirilməsi ilə başlanıb.

Gecədə çıxış edən yazıçı-publisist Mustafa Çəmənli Ş.Ələkbərovanın həyat və yaradıcılığından, musiqi sənətimizin inkişafında və təbliğində əvəzsiz xidmətlərindən danışıb.

Bildirilib ki, istedadlı Azərbaycan müğənnisi Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. İfaçılıq fəaliyyətinə ilk dəfə 15-16 yaşlarında xorda başlamış, 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın məharətli improvizasiya ustalığı onun yaradıcılığının əsas xüsusiyyətlərindən idi. Müğənni ifa etdiyi "Azərbaycan", "Dərələr", "Çinar", "Oxu, tar", "Oxu, gözəl", "Ağ çiçək" və s. mahnılar, "Segah", "Qatar", "Şahnaz" muğamları, Füzuli" kantatası kimi sənət inciləri ilə musiqi xəzinəmizi zənginləşdirmiş, ona yeni nəfəs gətirib.

Tədbir çərçivəsində unudulmaz müğənninin sənət yolunu işıqlandıran fotosərgi təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə